Xərçəngdən əziyyət çəkən millət vəkili: "Yorulmuşam"

Xərçəngdən əziyyət çəkən millət vəkili: 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş Yevda Abramovun səhhətində problem yaranması barədə bir müddət öncə məlumat vermişdik.

Millət vəkili ötən ilin sonunda onkoloji xəstəliklə əlaqədar Milli Onkologiya Mərkəzində cərrahi əməliyyat olunub. Daha sonra isə dövlət hesabına İsrailə aparılaraq oradakı klinikaların birində əməliyyat edilmişdi.

Məlumat üçün bildirək ki, millət vəkilinin qızları da orada yaşayır.

Hazırda millət vəkili Bakıdadır. Yeniavaz.com saytı deputatın hazırki vəziyyəti ilə bağlı ən son məlumatları öyrənmək məqsədilə Yevda Abramovla əlaqə saxlayıb.

Səsindən narahat olduğu sezilən deputat yaxşı olduğunu bildirib. Lakin Yevda Abramov səhhəti ilə əlaqədar jurnalistlərlə əlaqə saxlamadığını, onların suallarını cavablandırmadığını bildirib. Deputat özünü yorğun hiss etdiyini deyib: "Hazırda yaxşıyam. Ancaq jurnalistlərlə, saytlarla hələlik işləmirəm. Burada başa düşülməməzlik nə var? Səhhətimlə əlaqədar çox danışa bilmirəm. Yorulmuşam, yorulmuşam".

Oxşar xəbərlər