"Bayıldakı vəziyyətə görə sakinlər də məsuliyyət daşıyır" - Eldar Əzizov

"Bayılda baş verən sürüşmə hadisələri indi deyil, hələ çox-çox əvvəllər də olub. Arxiv məlumatlarına əsasən, bizə məlum olan ilk belə hadisə 1842, 1847,1874-cü illərdə də qeydə alınıb. Sonradan da ərazidə bu hallar baş verib.

Sonuncu böyük sürüşmə hadisəsi 2000-ci ildə olub. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr qeydə alınıb”.

Bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, Bayılda baş verən sürüşmənin səbəbləri barədə dəqiq söz demək, münasibət bildirmək hələ tezdir:

"Lakin mütəxəssislərin verdikləri ilkin rəyə görə, sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır. Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə, sadəcə olaraq, az da olsa, təsir edə bilərlər.

Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər birmərtəbəli, plansız, bünövrəsiz bir gecəyə tikilən zəif evlərdir. Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları ilə əlaqədar isə qeyd edim ki, bu binalar təhlükəli sahədən 5 km aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır”.

Eldar Əzizov əlavə edib ki, XIX əsrdə Bayılın bu hissəsində yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib.

"Apardığımız araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25%-nin ötən əsrin 60-70-cı illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni, bir gecəyə tikilən evlər olduğu müəyyən edilib.

Sakinlər bu evləri qanunsuz olaraq tikib. Lakin bütün bunlara baxmayaraq, bu gün dövlətimiz ayrıseçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır”.

Qeyd edək ki, son iki gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə yağan intensiv yağıntılar buradakı duruma da təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına da hopub. Bunun nəticəsində sürüşməyə meyilliliyin mərkəzində vətəndaşlara məxsus dörd fərdi ev tam, biri isə qismən dağılıb.

///oxu.az

Oxşar xəbərlər