Rüşvət, süpürgə pulu, 0-99 bal... Yeni nazir təhsilə bunları verib - Araşdırma

Rüşvət, süpürgə pulu, 0-99 bal... Yeni nazir təhsilə bunları verib - Araşdırma Təhsilin keyfiyyəti, rüşvət, kitab çapında yol verilən korrupsiya əməlləri, həmçinin orta məktəblərdə fond pulu, süpürgə pulu və başqa bu kimi hallar hələ də davam edirsə, deməli Mikayıl Cabbarov Misir Mərdanovdan fərqlənə bilməyib

Bu fərqsizlik son 4 il ərzində Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edənlərin keyfiyyət göstəricisində də öz əksini tapıb.

2014/2015-ci tədris ilində qəbul imtahanlarında iştirak edən 92 641 abituriyentin keyfiyyət göstəricisi 34,7% idisə, 2015/2016-cı tədris ilində 82 925 abituriyentin keyfiyyət göstəricisi 40%, 2016/2017-ci tədris ilində isə 78 545 abituriyentin keyfiyyət göstəricisi 43,9% olub.

2017/2018-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının birinci mərhələsində (30 aprel, 7 may) iştirak edən 64 420 abituriyentin keyfiyyət göstəricisi 48,9% təşkil edib.

2017/2018-ci tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına gəlincə, növbəti tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının I mərhələsində (30 aprel, 7 may) 64 220 abituriyent iştirak edib.

Onlardan 17 033-ü (8 554-ü I, 4 176-sı II, 3 396-sı III, 907-si IV ixtisas qrupu üzrə) 0-99, 15 804-ü (6 079-u I, 4 758-i II, 4 162-si III, 805-i IV ixtisas qrupu üzrə) 100-199, 12 708 (4499-u I, 3 997-si II, 3 468-i III, 744-ü IV ixtisas qrupu üzrə) 200-299, 13 906-sı (4 436-sı I, 4 228-i II, 4 081-i III, 1 161-i IV ixtisas qrupu üzrə) 300-499, 4 769-u (1 486-sı I, 1 190-ı II, 1 255-i III, 838-i IV ixtisas qrupu üzrə) isə 500-700 arası bal toplayıb.

Dəhşətli statistikadır. Nazirin dövründə 17 min abituriyent 0-99 bal toplayıb. Bu, Azərbaycan təhsilinin M.Cabbarov dövrüdür. Orta məktəblərdə tədrisin səviyyəsi qalxmayıb.

Ulus.Az-ın Araşdırma Qrupunun yaydığı məlumata görə, 40 yaşlı Mikayıl Cabbarov 2002-ci ilədək dövlət qurumunda işləməyib. Onu 2002-ci ildə o zamankı iqtisadi inkişaf naziri Fərhad Əliyev perspektivli gənc kimi özünə müşavir təyin edib və Cabbarov tezliklə nazirin müavini vəzifəsinə irəli çəkilib. Nəhayət, o, 2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi postunu tutub. 19 aprel 2013-cü ildə isə o, təhsil naziri vəzifəsinə təyinat alıb.

Göründüyü kimi, birdən-birə yüksək vəzifəyə təyinat alan M.Cabbarovun karyerası çox gəncin arzuladığı kimi parlaq olub. İddia edilir ki, onun dövləti idarəetmədə belə sürətli yüksəlişinin çox ciddi səbəbləri var.

Çoxları düşünürdü ki, Mikayıl Cabbarov təhsil naziri olsa da, sələfi Misir Mərdanov kimi, nazirliyin aparatı da daxil olmaqla, illərdir rektor vəzifəsində kök atan şəxslərlə bacara bilməyəcək.

Amma bu da faktdır ki, o, cəmi 6-7 ay ərzində "Qoca qurd"ların çoxuna nəinki yerlərini göstərdi, hətta bir çoxlarının vəzifədən azad olunmasına, yerlərinə isə özünə yaxın şəxslərin təyin edilməsinə nail ola bildi.

Məsələn, Gəncə Dövlət Universiteti, İqtisad Universiteti, keçmiş ADNA, Texniki Universitet, Tibb Universiteti və digər ali təhsil müəssisələrindəki rektor dəyişiklikləri birbaşa Mikayıl Cabbarovun istəyi ilə həyata keçirilib. Bir neçə təhsil müəssisəsi qalıb ki, yaxın vaxtlarda onların da rektorları təhsil nazirinin etimad göstərdiyi şəxslərlə əvəz ediləcək.

Oxşar xəbərlər