“Atılacaq addımlar kifayət etməsə, büdcəyə yenidən baxıla bilər” — Samir Şərifovdan gözlənilməz ÇIXIŞ

“Atılacaq addımlar kifayət etməsə, büdcəyə yenidən baxıla bilər” — Samir Şərifovdan gözlənilməz ÇIXIŞ “Bu il Azərbaycanda həyata keçirilən fiskal-büdcə siyasəti 2017-ci ildə də davam etdiriləcək”.

Ölkə.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

S.Şərifov deyib ki, bank sistemində pozulmuş sabitlik, bir sıra bankların bağlanması, dollarlaşma meyilləri, cari ilin ötən dövründə ÜDM-in azalması ölkənin üzləşdiyi yeni makroiqtisadi vəziyyətin mürəkkəbliyini göstərir:

“Dayanıqlı iqtisadi inkişafın, artımın bərpa olunması üçün struktur və institusional islahatlar, bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi, maliyyə və valyuta bazarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, qeyri-neft sektorunun ixracının artırılması və idxalın əvəzlənməsi kimi tədbirləri özündə əks etdirir. Manat emissiyasının azaldılması manatın məzənnəsinə təzyiqlərin azalmasına səbəb olacaq. Bizim məqsədimiz valyuta bazarında gərginliyi azaltmaqla makroiqtisadi sabitliyə nail olmaqdır”.

Nazir həmçinin qeyd edib ki, devalvasiyanın baş verməsinə baxmayaraq, hazırda manatın məzənnəsi yenə də təzyiqlərə məruz qalır:

“Xərclərin optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub. Xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar bareldən daha da azalması, qeyri-neft sektorunda artım nəzərdə tutulan səviyyədə olmaması, artımın gec olması və xarici mühitdəki digər mənfi meyillər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkün ola bilər. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər”.

Oxşar xəbərlər