Azərbaycanda meliorasiya və su təsərrüfatının dinamik inkişafı sürətlə davam etdirilir

Azərbaycanda meliorasiya və su təsərrüfatının dinamik inkişafı sürətlə davam etdirilir Ölkəmizdə bütün peşə sahələri, o cümlədən su təsərrüfatı və meliorasiya işçilərinin əməyi çox qiymətli və şərəflidir. Meliorasiya və su təsərrüfatı işçiləri o insanlardır ki, məhz onların əməyi ilə susuz ərazilər su ilə təmin olunur, şorlaşmış sahələr duzlardan təmizlənir, bataqlıqlaşmış ərazilər qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir və ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır.

Möhtərəm Prezidentin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda torpaqların su təminatına və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan yaranacaqdır.

Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, onun çoxminli kollektivi dövlətimizin diqqət və qayğısına cavab olaraq əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq istiqamətində olan ardıcıl tədbirləri davam etdirəcək, mövcud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, onların lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşılarında qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək onların vaxtında və layiqincə yerinə yetirilməsində daha səylə çalışacaq və bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəklər.

Əhməd ƏHMƏDZADƏ,
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri

Oxşar xəbərlər