Azərbaycanda yeni orden təsis ediləcək

Azərbaycanda yeni orden təsis ediləcək Prezident İlham Əliyev Azərbaycanda yeni bir ordenin təsis edilməli olduğunu deyib

Prezidentin mətbuat xidmətindən bildirilib ki, Dövlət başçısı bunu sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirərkən deyib.

“Eyni zamanda, mən hesab edirəm ki, Azərbaycanda yeni bir orden təsis edilməlidir. Son vaxtlar mənim sərəncamımla bir neçə yeni orden təsis edilib. Ən böyük ordenimiz “Heydər Əliyev” ordenidir. Ondan sonra mənim sərəncamımla “Şərəf” ordeni, “Dostluq” ordeni təsis edilmişdir. Hesab edirəm ki, biz “Əmək” ordeni də təsis etməliyik. Müxtəlif sahələrdə - istər özəl, istər dövlət, fərqi yoxdur, yaxşı göstəricilər nümayiş etdirən insanları biz ordenlərlə, medallarla təltif etməliyik. Hesab edirəm ki, biz bu ənənəni bərpa etməliyik. Göstəriş verirəm, Prezident Administrasiyası bu məsələ ilə bağlı öz təkliflərini mənə təqdim etsin. “Əmək” ordeninin bir neçə dərəcəsi ola bilər. Əgər yaxşı nəticələr olsa, birinci ordeni biz pambıqçılara təqdim edə bilərik”.

Oxşar xəbərlər