Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
Heydər ƏLİYEV
Heydər ƏLİYEV
Ümummilli lider Şuşanın, Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirərək demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə mailk böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab Prezident İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Dövlət başçısı İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Dövlət başçısı cənab İlham Əliyev bəyan etmişdir ki, “Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
P.S. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamına əsasən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini - dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə - Vüsalə Fətəliyeva “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif edilmişlər.