ABŞ lideri Donald Tramp yenə də Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür edib. Əslində bütün təşəkkürlər Azərbaycanın dövlət başçısına ünvanlanıb, bunu təşəkkürdən məhz İlham Əliyevin tarixi sülhməramlı missiyası sayəsində pay götürmək şansı əldə edən Nikol Paşinyan da çox yaxşı bilir. Çünki “Qarabağ Ermənistandır. Nöqtə”-si oğlunu “erməni gənclərə vətənpərvərlik nümunəsi” kimi Qarabağa, başqa ölkənin torpağına hərbi xidmətə yollayan, Azərbaycanın Şuşasında “yallı” gedən Paşinyanın tərcümeyi halına əbədi yazılacaq və başına qaxınc olacaq, özü də anlayır. Amma sülh prosesinə start verilməsindən sonra bunu onun üzünə nə Azərbaycanın dövlət başçısı vurur, nə də Tramp belə məsələlərin fərqindədir. Azərbaycana, dövlətimizin liderinə minnətdarlıq , təşəkkür mesajları son aylarda həm də torpaqlarımızı 30 il ərzində işğalda saxlayan ölkənin rəhbərlərindən gəlir. Ermənistanın baş naziri Nikol Paşinyan “İlham Əliyevlə tamamilə razıyam”, prezident Vaaqn Xaçaturyan “İlham Əliyedən sonra nəsə demək çətindir”, söyləyir, həmçinin Simonyan, Mirzoyan, Rubinyan...digər rəsmilər də Azərbaycanın taxıl yola açmasından, Ermənistana yanacaq ixrac etməsindən dolayı minnətdarlığını bildirir, hətta daxildə, müxalifətlə söz davasında Azərbaycan və Türkiyə ilə əməkdaşlığın alternativinin olmadığı barədə arqumentlər gətirirlər. Bu reallığı yaradan Azərbaycandır!
Dünyanın ən güclüsü Trampdan...ən zəifi Paşinyanadək, Avropanın 16 firavan dövlətindən vətəndaş müharibəsindən yenicə özünə gəlməyə çalışan Suriyayadək... hər kəs Azərbaycan Prezidentinə təşəkkür edir! Bu, həm də 44 günlük Vətən Müharibəsində, cəmi bir gün çəkən antiterror əməliyyatında tarixi qələbəsini, dövlət suverenliyini, ərazi bütövlüyünü təmin edən ölkənin mükafatıdır. Əvvəlki illərdə də dövlətimiz əmin əllərdə idi, amma münasibət başqa idi. Məsələn, Tramp ilk prezidentliyi dönəmində Azərbaycana indiki qədər yaxın deyildi. Hətta özü etiraf etdi ki, Azərbaycan və Ermənistan 35 il müharibə apardılar, amma dünya bundan xəbərsiz qaldı. Düzdür, bir az şişirtmə də var, amma həqiqətlərə biganə qalanlar sırasında ABŞ-nin olduğunu Azərbaycanın ərazi bütövlüyünə “bitərəf” qalan Vaşinqtonun siyasəti də unudulmayıb. Trampın ilk prezidentliyi dönəmi hara, indiki hara? Deməli, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Azərbaycan Ordusunun 45 günlük döyüşlərdə qazandığı qələbə dövlətimizin dünya çapında fərqli statusda qəbuluna imkan yaratdı. Bu, həm də dövlət başçımızın “güclü haqlıdır” reallığına yanaşmasında nə qədər haqlı olduğunu bir daha təsdiqləyir. Azərbaycan dövlətini Sülh Şurasında təsisçisi statusunda görənlər buna görə ilk növbədə ərazi bütövlüyümüzün təmin olunmasına şükür etməlidirlər. O cümlədən də Nikol Paşinyan. Azərbaycanın bu qələbələri və İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsində o, Trampın əlini sıxmaq, sağında oturmaq, Sülh Şurasının Nizamnaməsini imzalamaq şansını əldə edib. Torpaqlarımız hələ də işğal altında olsaydı, Paşinyan bu platformalarda iştirakını yuxusunda görərdi. Odur ki, bu reallıqları Azərbaycanın yaratdığını gərək heç vaxt unutmasın və ayağı yer almasın!
O cümlədən bütün Ermənistanın! ABŞ liderinin Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində təkbətək görüşdüyü iki prezidentdən biri Azərbaycanın dövlət başçısı oldu! Bu fakt dünyanın bir saylı ofisinin rəhbərinin Azərbaycana, İlham Əliyev personasına nə qədər böyük diqqət yetirdiyinin növbəti təsdiqidir. Qlobal əhəmiyyətli Zəngəzur yolu – Tramp marşrutu məhz Azərbaycan layihəsidir. Bütün maneələrə baxmayaraq, məhz Azərbaycan Prezidenti “Zəngəzur dəhlizi mütləq açılacaq”, demişdi və artıq məsafənin xeyli hissəsi qət olunub və 42 km-lik Qərbi Zəngəzur hissəsi ilə bağlı prosesdə də dinamika var. 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş üçtərəfli razılaşmalara əməl olunması istiqamətində növbəti addımlar atılmaqdadır. ABŞ-nin vitse-prezidenti Jey Di Vens fevralda Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi olaraq Azərbaycan və Ermənistana səfər edəcək. Ağ Evin məsələyə nə qədər böyük önəm verilməsinin növbəti təsdiqi: ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsinda yazıb. Prezident Tramp bildirib ki, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparmağa, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib. ABŞ liderinin sözlərinə görə, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Yenə də Azərbaycanın yaratdığı reallıq öz sözünü deyir. 1992-ci ildə ölkəmizə qarşı ABŞ Konqresi tərəfindən qəbul olunan 907-ci düzəliş – sanksiya qərarı dünyanın bir çox ölkələri üçün “sarı vərəqə” funksiyasını yerinə yetirdi, “ağrımayan başlarına dəsmal bağlamamaq üçün” ehtiyatlı davrananlar da az olmadı, ABŞ konqresmenlərinin xoşuna gəlməkdən ötrü ölkəmiz əleyhinə əbləhcəsinə davrananlar da. Artıq ABŞ lideri Azərbaycanla strateji tərəfdaşlığı gücləndirməkdən bəhs edir. Düzdür, Vensin səfəri ABŞ-nin Ermənistanla dinc nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı, Azərbaycanla isə yarımkeçiricilərin və hərbi məhsulların, o cümlədən bronjiletlər və katerlərin, tədarükünə dair müqavilələr bağlamağı planlaşdırması birmənalı qarşılanmayıb. Amma əgər bu səfərin proqramı Tramp-Əliyev görüşündən sonra, özü də Ağ Ev rəhbəri tərəfindən açıqlanıbsa, deməli, burada Azərbaycanın maraqlarından kənar hansısa məsələnin olduğuna şübhə etməyə dəyməz. Demək dövlətimizin başçısı detallardan tam məlumatlıdır, əks halda Vensin səfərə Bakıdan başlaması da mümkün olmazdı. Yeri gəlmişkən, aylar öncə fevral ayında Ermənistana səfərin olacağı xəbəri yayılmışdı, amma ən sonda Azərbaycan ilk yerdə gəldi, bu fakt sizə nəsə demirmi? Bütün yollar Azərbaycandan keçir!
Dövlətimiz üçün təhlükəsizlik prioritetlərdəndir və Prezident bunu dəfələrlə ifadə edib. Dövlət büdcəmizdə hərbi xərclərin mühüm yer tutması xüsusi hərbi birləşmələrin yaradılması, ən müasir silahların alışı də məhz təhlükəsizliyimizin daimiliyi üçün vacibdir. Belə bir durumda ABŞ ilə əməkdaşlıq çərçivəsində məhz təhlükəsizliyimizə yönəlik anlaşmaların əldə olunması tamamilə məntiqəuyğundur. Özü də bu, hələ ilklərdən sayılmalıdır. Unutmayaq ki, bu əməkdaşlıq Trampın dondurduğu “907-ci düzəliş”in Konqresdə ləğvi baxımından da vacibdir. Üstəlik, 8 avqust anlaşmasına uyğun olaraq ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması üzərində intensiv iş gedir. “907-ci düzəliş”in “donunu açan”, saxta “erməni soqırımı”nı tanıyan Bayden administrasiyası gethagetdə, 2025-ci ilin 14 yanvarında Ermənistanla imzalamışdı strateji tərəfdaşlıq xartiyasını...Görün cənab Prezident Azərbaycanın xeyrinə nə qədər böyük məsafə qət etməyə nail olub!
Rusiya, İran, Fransa başda olmaqla ayrı-ayrı Avropa ölkələri çox çalışdılar...Qarabağın, Şərqi Zəngəzurun azad edilməsinə maneə ola bilmədikdə, Zəngəzur dəhlizinin reallaşmasına əngəl olmaq istədilər. Hətta bəzi hallarda Gürcüstanı da qızışdırıb ortaya salmağa çalışdılar. Amma bütün cəhdlər iflasa uğradı. Elə bu sətirləri yazarkən erməni mediasının manşetlərində bir xəbər gördüm. Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Zəngəzur dəhlizi ölkəsinin tranzit potensialına təhlükə yaratmır. Yəni Paşinyan erməniləri, Kobaxidze gürcüləri sakitləşdirir. Üstəlik, Məsud Pezeşkian da fars şovinistlərini...
Qardaş Türkiyənin rəhbərliyinin də mövqeyi qəti və stabildir: sülh prosesi Azərbaycanın istəyinə uyğun olaraq reallaşmalı, Zəngəzur dəhlizi Azərbaycanın görmək istədiyi şəkildə reallaşmalıdır!
İlham Əliyev tarix yazmaqda davam edir. Qarabağ Zəfəri ilə kifayətlənmədi, Azərbaycana qarşı 1920-ci ilin dekabrında edilmiş daha bir tarixi pisliyə, ədalətsizliyə qarşı ədaləti bərpa etmə siyasətini uğurla yürütməkdədir. Zəngəzur dəhlizi Turan qapısı olmaqla kifayətlənməyəcək, dünyaya açılacaq. Bu, dünya güclərinin pisliyinə yaxşılıqla cavabdır, kaş ki, sələflərinin etdiklərinə görə utanaydılar 106 il torpaqlarımıza qəsd edib, həm də Türk dünyasını parçalayanlar! Prezident İlham Əliyevin Zəngəzur dəhlizini israrla reallaşdırması mənə Mustafa Kamal Atatürkün 30-cu illərdə İran şahı Pəhləvi ilə apardığı danışıqların yekununda iki ölkə arasındakı ərazi müzakirələrinin məntiqi sonluğunu və nəticədə Naxçıvan bölgəsi ilə Türkiyə Cümhuriyyəti arasındakı 11 km-lik rabitənin, xilas dəhlizinin yaradılmasını xatırladır. Təsəvvür edin, Araz çayı üzərindən, “Ümid körpüsü”ndən keçən həmin ərazi olmasaydı, işğal illərində Naxçıvan bölgəsi hansı acınacaqlı tale ilə üz-üzə qalardı?..İndi artıq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında maneəsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi tikilir və bu prosesdə hal şahidi dünyanın superdövlətinin lideridir! Atatürk dövründə olduğu kimi, İlham Əliyev zamanında da tarixi şans üzümüzə gülməkdədir...Qədir-qiymətini bilək! Üstəlik, Tramp da bizim tərəfimizdədir...Elşad Paşasoy