“Artıq bəsdir!” – Fransadan NATO-dan çıxmaq təklifi

“Artıq bəsdir!” – Fransadan NATO-dan çıxmaq təklifi NATO dağılma mərhələsinə daxil olur, alyans artıq təhlükəsizlik deyil, risk mənbəyidir
Son hadisələr göstərir ki, NATO təkcə funksional böhran yaşamır, alyans sistem böhranı mərhələsinə keçib. Bir zamanlar kollektiv təhlükəsizliyin təməl sütunu kimi təqdim olunan bu struktur bu gün üzv dövlətlərin suverenliyini təhdid edən, daxili etimadsızlığı dərinləşdirən və qlobal sabitliyə töhfə vermək əvəzinə onu sarsıdan mexanizmə çevrilib.

ABŞ-ın Qrenlandiya ilə bağlı açıq-aşkar təzyiq və hərbi müdaxilə ritorikası NATO-nun əsas prinsipini olan müttəfiqlərin ərazi bütövlüyünə hörməti faktiki olaraq ləğv edir. Danimarkanın açıq şəkildə “bu NATO-nun sonu ola bilər” deməsi təsadüfi deyil. Bu, artıq diplomatik narahatlıq yox, strateji həyəcan siqnalıdır.

Fransadan yüksələn “NATO-dan dərhal çıxaq” çağırışı isə emosional reaksiya deyil, uzun müddət yığılan narazılığın siyasi formaya keçməsidir. Fransa Milli Assambleyasının vitse-prezidenti, “İtaətsiz Fransa” partiyasının üzvü Klemens Qetin ABŞ siyasətini “dünya sülhünə birbaşa təhlükə” kimi qiymətləndirməsi reallığın sərt təsviridir. Qrenlandiya təhdidləri, Avropaya qarşı ticarət müharibəsi, Venesuelada açıq müdaxilə cəhdləri, Fələstində davam edən soyqırımın hərbi-siyasi dəstəyi və Avropa seçkilərinə təsir və sair bunların hamısı NATO-nun sülh alyansı olmadığını sübut edən faktlardır.

Tarix təkrar olunur. Şarl de Qoll 1966-cı ildə Fransanı NATO-nun hərbi qanadından çıxararkən bir şeyi açıq demişdi: Fransa ABŞ-ın hərbi macəralarının alətinə çevrilməyəcək. Bu gün eyni təhlükə daha sərt formada geri qayıdıb. Fərq ondadır ki, indi söhbət təkcə Fransadan getmir, artıq bütün Avropa təhlükəsizlik baxımından Vaşinqtonun girovuna çevrilib.

Prezident Makronun “strateji muxtariyyət” ritorikası real addımlarla dəstəklənmədiyi müddətcə boş şüar olaraq qalacaq. Qetin “Makron Trampa təslim olmağı dayandırmalıdır” çağırışı əslində Avropanın özünə ünvanladığı sualdır: Avropa siyasi subyektdirmi, yoxsa ABŞ-ın geosiyasi əlavəsi?

Kanada baş naziri Mark Karninin Davosda səsləndirdiyi fikirlər də bu böhranın qlobal xarakter daşıdığını təsdiqləyir. Onun “qaydalar aşınır, güclülər istədiyini edir, zəiflər dözməyə məcbur qalır” etirafı beynəlxalq münasibətlər sisteminin iflasının rəsmi etirafıdır. Bu, keçid mərhələsi deyil – bu, köhnə dünya nizamının dağılmasıdır.

NATO məhz həmin köhnə nizamın hərbi dayağı idi. Bu nizam dağıldıqca alyans da öz legitimliyini itirir. Bu gün NATO üzv ölkələrini qoruyan mexanizm yox, onları ABŞ-ın qlobal qarşıdurmalarına sürükləyən alətə çevrilib. Etimadın yerini şübhə, həmrəyliyin yerini qorxu, kollektiv qərarların yerini isə diktə alıb.

NATO-nun qarşısında iki yol qalır: ya ABŞ-dan real institusional müstəqillik qazanaraq köklü transformasiya, ya da mərhələli dağılma. Mövcud dinamika isə ikinci ssenarinin daha real olduğunu göstərir. Alyans daxilində açıq şəkildə “çıxaq” çağırışlarının səslənməsi artıq geri dönüş nöqtəsinin keçildiyini göstərir.

Nəticə etibarilə, NATO bu gün təhlükəsizlik zəmanəti yox, geosiyasi risk mənbəyidir. Əgər üzv ölkələr öz suverenliklərini və milli maraqlarını qorumaq niyyətindədirsə, alyansın gələcəyini deyil, ondan sonrakı təhlükəsizlik modelini düşünməyə başlamalıdır.

Oxşar xəbərlər