Xameneinin bacısı oğlu: “Ümid edirəm, dayımı həbs edərlər”

Xameneinin bacısı oğlu: “Ümid edirəm, dayımı həbs edərlər” İranın ali rəhbəri Əli Xamənei davam edən etirazlara baxmayaraq hakimiyyətdən könüllü şəkildə getməyəcək. Bu fikirləri onun bacısı oğlu, siyasi mühacir Mahmud Muradxani Euronews telekanalına müsahibəsində səsləndirib.

Muradxaninin sözlərinə görə, Xamənei “son damla qanına qədər” müqavimət göstərməyə hazırdır və istefa variantını qəbul etmir. O bildirib ki, İranda illərdir davam edən basqılar və sərt repressiyalar etiraz dalğasını dayandıra bilməyəcək.

Siyasi mühacir qeyd edib ki, dayısının bir gün həbs olunaraq mühakimə ediləcəyinə ümid etsə də, Xaməneinin öz iradəsi ilə hakimiyyətdən çəkiləcəyinə inanmır. Muradxani Xaməneini müxtəlif avtoritar liderlərlə müqayisə edərək vurğulayıb ki, bu tip rejim başçıları son ana qədər hakimiyyəti qorumağa çalışır və geri çəkilmirlər.

Qeyd edək ki, 1986-cı ildən **Fransa**da mühacirətdə yaşayan, hazırda 62 yaşı olan Mahmud Muradxani Fransanın şimalında, Lill şəhəri yaxınlığında fəaliyyət göstərən otolarinqoloq həkimdir. O, 22 yaşında İrandan İraq üzərindən qaçdığını, daha sonra Fransaya yerləşdiyini və uzun illərdir İran rejiminin açıq müxalifi kimi tanındığını bildirib.
(İstifadə olunan qaynaq Günaztv)

Oxşar xəbərlər