Putinin cəbhədəki indiki şərtlərlə bu sənədi imzalayacağına kimsə inanmaz; Avropa liderləri isə Ukraynaya dair sənəddə öz “dərilərini” düşünüblər...Günün hadisəsi Ukrayna lideri Zelenskinin Rusiya ilə müharibəyə son qoymaq üçün hazırlanmış 20 bəndlik sülh planını açıqlaması oldu. Sənədə Rusiyanın prinsipial razılığı olsaydı, bunu Zelenskidən öncə özləri açıqlayardılar. Kreml sözçüsü Peskov da deyib ki, Mayamidə sülh danışıqlarında iştirak edən Kirill Dmitriyev Putinə məruzə edib. Peskov Dmitriyevin Mayamidən 20 bəndlik sülh planı gətirməsi xəbərinə şərh verməyib.
Cəbhədəki indiki vəziyyətə rəğmən 20 bəndlik sənəd Kiyev üçün bəlkə də ən optimal variantdır. Məsələn, sənəddə Ukraynanın suverenliyinin təsdiqi, Rusiya ilə hücum etməmək paktının bağlanması, ABŞ, NATO və Avropa Birliyinin Ukraynaya Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti verilməsi kimi bəndlər var.
Bəlli olur ki, sülh dövründə Ukrayna 800 minlik ordu kvotasına razılaşır, əvəzində Rusiya nəinki Ukraynaya, hətta Avropaya hücum etməyəcəyini öz qanunlarında təsbit edir. Sənədin başqa bir bəndində isə deyilir ki, Rusiya ordusu Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxmalıdır. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə “olduğumuz yerdə qalırıq” prinsipi tətbiq olunur. Amma razılığa gəlinməzsə, bölgədə azad iqtisadi zona yaradıla bilər ki, bu da yalnız referendum yolu ilə mümkündür. Bundan başqa Ukraynanın qeyri-nüvə dövləti statusunun təmin edilməsi, Zaporojye AES-in isə Rusiya-Ukrayna və ABŞ-nin müştərək deyil, Rusiyanın iştirakı olmadan idarəçiliyi bəndi salınıb. Nəhayət, Ukraynaya Avropa İttifaqına üzvlük tarixinin müəyyən edilməsi fürsəti, bərpa üçün 800 milyard dollarlıq bir neçə fondunun yaradılması da nəzərdə tutulur...
Zelenski deyib ki, münaqişənin nizamlanmasına dair saziş layihəsi üzrə ümumxalq səsverməsinin keçirilməsi üçün iki aylıq atəşkəs vacibdir. Çünki ən azı 60 gün real atəşkəs olmazsa, referendum da legitim ola bilməz.
20 bəndlik sənədin əsas prinsiplərinə baxdıqda Putinin indiki şərtlərlə bu sənədi imzalayacağına kimsə inanmaz. Rusiyanın belə “sülh” üçün bütün dünyanı qarşısına almadığı bəllidir. Mayamidə Putinin nümayəndəsinə belə bir razılaşma verdikdikləri də inandırıcı görünmür, çünki belə sülh sənədi olur. Bu bəndlər əlbəttə ki, sırf Avropa liderlərinin mövqeyinə uyğundur. Yəni sənəddə Rusiyaya qismən güzəşt kimi qəbul ediləcək iki bənd var. Silahlı qüvvələrin sayı (Rusiya deyəsən, daha az sayda ordu saxlamağı istəyir) və Ukraynanın neytral statusu.
Təqdim olunan planda Rusiyanın təhlükəsizliyi ilə bağlı heç nə deyilmir. Rusiyanın işğalçı ordusunu çıxarmaq tələbi də, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “olduğumuz yerdə qalırıq” prinsipi də cəbhədəki indiki reallığa uyğun deyil. Rusiya bölgədə işğalçı kimi qəbul edilir, bunun sübuta ehtiyacı yoxdur. Amma razılaşaq ki, Ukrayna indi şərtlər diktə edəcək tərəf kimi güclü görünmür. O səbəbdən Rusiya bu sənədi o zaman qəbul edə bilərdi ki, Ukrayna ordusu da Rusiyanın sərhədinə yaxın ən azı bir vilayətinə nəzarət edəydi. Ya da Moskva NATO-nun onun sərhədlərindəki ayaq səslərindən həqiqi mənada qorxuya düşəydi. Əksinə, belə görünür ki, Avropa liderləri ABŞ-ni Putin havasına uyğun oynamaqda ittiham etsə də, özləri hətta Ukraynaya aid sənəddə belə öz “dərilərini”(“şkura”) fikirləşiblər, Putinə Avropaya hücum etməyəcəyini qanunlarına yazmasına təhrik etmək istəyiblər.
Zelenskinin atəşkəs təklifi dəstəklənməlidir, amma Rusiya da dəfələrlə müvəqqəti atəşkəsdənsə, Ukraynanın onun şərtləri ilə sülh sənədi imzalamağa çağırıb. Rusiya əvvəlki kimi iddia edir ki, Ukrayna və müttəfiqləri atəşkəsdən ordunu yenidən qruplaşdırılmaq üçün istifadə edə bilər...
...İl başa çatır və belə görünür ki, edilən cəhdlərə, görüşlərə, sülh sənədi altında artan yazı-pozuya baxmayaraq, savaşı durdurmaq mümkün olmur. Bu vəziyyət isə yazıya sonluq olaraq məşhur lətifəni xatırlamaq fürsəti verir.
Bir gün meşədə canavar aslana şikayət edir ki, ayı onun evinə gedən yolun üstündə pusqu qurub, səhər-axşam onu döyür, bu azmış kimi balalarına topladığı qənimətləri də əlindən alır. Canavar deyir ki, indi son ümidi meşənin padşahının ədalətinədir. Aslan deyir ki, ayıya mütləq tapşıracaq və bu ədalətsizliyə son qoyulacaq. Bir gün sonra doğrudan da ayı canavara deyir ki, daha onu hər gün incitməyəcək, amma gərək dəftər-qələm götürüb hesabat aparsın ki, onu ay ərzində neçə dəfə incidib, nə qədər ovunu əlindən alıb və sairə. Bir ay sonra canavar meşədə yenə aslanla rastlaşır. Aslan deyir ki, onu ayıya tapşırıb, indi vəziyyət necədir? Canavar deyir ki, dəyişən heç nə yoxdur, əvvəlki kimi ayı ayılığını edir, üstəlik yaxşılığa doğru heç nə dəyişməsə də, yazı-pozu işi də artıb...