Türk dünyası üçün yeni imkanlar açılır

Türk dünyası üçün yeni imkanlar açılır Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Bu gün böyük əminliklə qeyd edirik ki, Naxçıvandan başlayan missiya uğurla davam edir. Bu mühüm məqam Azərbaycanın türk dünyasının birliyinə töhfələrinin aydın məzərəsini yaradır. Belə ki, 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün qlobal siyasətdə mühüm amilə çevrilir. Həmin Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin prezidentləri imzalamışdır. İllər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin liderliyi sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi. 2021-ci ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü mühüm məqamları ilə diqqətdə oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında, Türkmənistana təşkilatda müşahidəçi statusunun verilməsi haqqında, Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar qəbul edildi. Azərbaycan Şuraya sədrlik etdiyi 2019-2021-ci illərdə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın daha da möhkəmləndirilməsinə səy göstərdi. Bu müddətdə türkdilli dövlətlərin birliyinin daha da dərinləşdirilməsinə xidmət edən konfranslar, zirvə görüşləri keçirildi, mühüm qərarlar qəbul edildi.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə ölkə başçısı bir daha Azərbaycanın haqq işinə diqqət çəkərək xatırlatdı ki, 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
Keçirilən tədbirlər türk ölkələrinin liderləri arasında əlaqələrin daha da gücləndirilməsi, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi, birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
Elmar Allahverdiyev-Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun direktoru

Oxşar xəbərlər