Bakıda yeni oğrular peyda olub: Ehtiyatlı olun – FOTO + VİDEO

Bakıda yeni oğrular peyda olub: Ehtiyatlı olun – FOTO + VİDEO DİN açıqlama verib

Bakıda yeni üsulla evlərə daxil olmağa çalışan oğrular peyda olub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, gül dükanının işçisi kimi özünü təqdim edən şəxslər evləri qarət etmək istəyirlər.

Hadisələrin biri “Azərbaycan” prospektində yerləşən binaların birində baş verib. Belə ki, bir gənc əlində gül dəstəsi ilə blokdan zəng edərək, bildirib ki, ona adının çəkilməsini istəməyən şəxs gül buketi göndərib.

Daha sonra o, təhlükəsizlik məqsədi ilə kodlaşdırılan qapının açılmasını xahiş edib.

Xanım blokun qapısını açsa da, sonra ondan şübhələnib. Qapı ardıcıl döyüldükdə isə binanın mühafizəsini çağırıb və “gül dükanının işçisinə” mühafizəçi ilə görüşməyi xahiş edib.

Bu zaman isə gülü yerə atan gənc sürətlə blokdan çıxaraq qaçıb.

Oxşar hadisə Bakının digər ərazisində də qeydə alınıb. Belə ki, bir gənc əlində gül dəstəsi ilə xanımın qapısını döyüb. Xanım qapını açan kimi gənc evə daxil olmaq istəyib. Lakin xanım gənci evdən uzaqlaşdıra bilib və qapını örtüb.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlarda olduğu formada oğurluğun olması faktı qeydə alınmayıb:

“Yəni, belə bir şey varsa, vətəndaş şikayət etməlidir. Ümumiyyətlə, vətəndaş qapıdöymə və ya hər hansı üsulla evə girmə bəhanəsi ilə kimdənsə şübhələnirsə, dərhal Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng vurmalıdır”.


Oxşar xəbərlər