Rəsmi qəzet: Sən demə, əhalinin milyardları var imiş

Rəsmi qəzet: Sən demə, əhalinin milyardları var imiş “Qalır ondan səmərəli və ağıllı istifadə etmək”

Rəsmi “Azərbaycan” qəzeti ölkədə manatın məzənnəsi düşdükdən sonra yaranmış vəziyyətlə bağlı məqalə dərc edib. “Qurunun hesabına yaşın yanması təzə hal deyil” başlıqlı məqalədə bir çox məqamlara toxunulur.

Yazıdan bəzi məqamları təqdim edirik:

“Hələ Tanrıya şükür etməliyik ki, bizə belə bir sərvət verib. Yoxsa, 25 ildə hansı səviyyəyə çata biləcəyimizi təsəvvür edirsinizmi? Etmirsinizsə, keçmiş SSRİ respublikalarının, o cümlədən qonşu Qafqaz ölkələrinin təkcə büdcələrinə nəzər salın.

Fərq yerlə göy qədərdir. Hələ yaradılan infrastrukturu, yeni tikililəri, əhalinin həyat səviyyəsini demirik. Deyirlər, Qazaxıstandan savayı digər keçmiş Orta Asiya respublikalarında bu gün 50 dollar çox böyük puldur, bir adam onunla ayı başa vura bilir. Çünki ucuzluqdur. Ucuzluqsa o yerdə olur ki, orada əhalinin alıcılıq qabiliyyəti aşağıdır.

Çoxumuz gileylənirik ki, Bakı dünyanın ən bahalı şəhərlərindən biridir, qonşu ölkələr olan Türkiyə və Gürcüstanda istirahət etmək Azərbaycanda dincəlməkdən ucuz başa gəlir, bizdə ev və mənzillərin, avtomobillərin qiymətləri “kəllə-çarxa” çıxıb və s.

Bütün subyektiv səbəblərlə birgə, bu bahalıq həm də əhalinin alıcılıq imkanının yüksək olması ilə bağlı deyilmi?!

Başqa bir fakt: hələ manatın ilk devalvasiyası ərəfəsində Mərkəzi Bank Bakı Banklararası Valyuta Birjasına dollar və avro çatdıra bilmirdi. Valyutadəyişmə məntəqələri də əllərindəki manatı həmin valyutalara dəyişmək istəyən müştərilərin tələbatını ödəmək iqtidarında deyildi.

Səbəbi məlum idi - sən demə, əhalinin cibində, evində, hesabında milyard manatlarla sərbəst pulu var imiş. Həmin milyardların qarşısında hansı valyuta ehtiyatı tab gətirə bilərdi ki... Xüsusən də həmin ehtiyatın əsas mənbəyi olan neft ucuzlaşırdısa...”

***

“Manatın təxminən 50 faiz dəyərdən düşməsi kiçik rəqəm deyil. Bu o deməkdir ki, istehlak bazarında 50 faiz inflyasiya gözlənilir. Mümkündür ki, bu rəqəm yerli istehsal mallarının satışında bir qədər aşağı olsun.

Amma idxal mallarında ondan qaçmaq mümkünsüzdür. Deməli, dövlət tərəfindən xüsusən əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi gücləndirilməlidir.

Yeri gəlmişkən qeyd edək ki, hələ Mərkəzi Bankın son qərarından əvvəl - 2016-cı ilin dövlət büdcəsi tərtib olunarkən bu istiqamətdə tədbirlərin görüləcəyi nəzərə alınmışdır. Artıq gələn ildən həm pensiyaların, həm də digər aztəminatlı sosial qrupların müavinətlərinin, eləcə də müəllimlərin əməkhaqlarının artırılması gözlənilir.

Nəzərə alsaq ki, manatın “üzən” məzənnəyə keçməsi ilə bağlı dövlət xəzinəsinə daxil olan milli valyuta kütləsinin həcmi kifayət qədər çoxalacaq, onda pensiya, əməkhaqları və müavinətlərin həcminin az artmayacağı ehtimal edilir”.

***

“Manatın məzənnəsinin sərbəst buraxılması da ciddi sosial sıxıntı və gərginlik yaratmayacaq. Əvvəla ona görə ki, bu dəfə də hökumət tərəfindən ilk növbədə qiymətlərin süni surətdə bahalaşmasının qarşısını almaq üçün tədbirlər görüləcəyi anonsu verilmişdir. Bu fikrə düşənlər yəqin ki, Mərkəzi Bankın fevral qərarından sonra ölkənin istehlak bazarına olunan sərt nəzarəti unutmayıblar.

Üstəlik, Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin çağırışları da yaddan çıxmayıb. Hətta nəinki yaddan çıxmayıb, artıq bu istiqamətdə, xüsusən sahibkarlığın sürətli inkişafı üçün konkret tədbirlər görülür. Bir baxın, neçə fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) alınması ləğv olunub, neçəsi sadələşdirilib, onlar üçün ödənilən rüsumlar aşağı salınıb”.

***

“Ölkənin iqtisadi bünövrəsi neft vəsaiti ilə qoyulubsa, onun üzərində Azərbaycan özəl sektorun, sahibkarlığın inkişafı hesabına ucala bilər. Bugünkü reallıq göstərir ki, başqa yol yoxdur. Necə deyərlər, seyid cəddinə arxayın olan kimi neftə güvənib irəli getmək zamanı arxada qaldı. İndi Azərbaycanda neftsiz sektorun daha da inkişafı üçün hər cür iqtisadi və mənəvi mühit mövcuddur, qalır ondan səmərəli və ağıllı istifadə etmək”.

***


“O ki qaldı manatın məzənnəsinin sərbəst buraxılmasına, bazar iqtisadiyyatının tələbləri baxımından, bu da dolayısı yolla inkişafa təkan verən qərardır. Manatın nisbətən ucuzlaşması ilk növbədə ölkəmizdə istehsal olunan məhsulların ixrac imkanlarını artırır. Düzdür, indi belə məhsullarımızın çeşidi və həcmi çox deyil. Lakin yaradılan şərait, mövcud tendensiya belə deməyə əsas verir ki, bu istiqamətdə vəziyyətin dəyişəcəyi şübhəsizdir.

Əgər istəyiriksə ki, manatımızın kursu barelin qiyməti ilə ölçülməsin, cibimizdəki pulun dəyərini bilmək üçün gözümüz London və ya Nyu-York birjalarında keçirilən auksionlara dikilməsin, istehlak bazarındakı qiymətlər sabit qalsın, bunu reallaşdırmalıyıq. Əks halda bizim kimi kiçik ölkələrin nəhəng dövlətlərin iddialarının toqquşmasından alovlanan yanğından quru çıxmaq ehtimalı çox olmayacaq”.

Oxşar xəbərlər