
Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dərman vasitələrinin istifadə təlimatları (içlik vərəqə) hər hansı xarici dildə olarsa, qeydiyyat vəsiqə sahibi tərəfindən Azərbaycan dilində təsdiq olunmuş içlik vərəqəsi apteklərə təqdim edilməlidir. Bu tələb “Dərman vasitələri haqqında” Qanunun 11.3-cü maddəsində öz əksini tapır. Belə ki, Azərbaycan dilində olan içlik vərəqəsi dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin vəsiqə sahibi apteki Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.
Qanunvericiliyin bu tələbi pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 221.13 və 221.14-cü maddələri üzrə protokol tərtib edilərək inzibati tənbeh tədbirləri görülür. Belə ki, 221.3-cü maddəyə əsasən, Azərbaycan dilində olan istifadə təlimatı dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin vəsiqə sahibi tərəfindən aptekin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəsiqə sahibləri – vəzifəli şəxs olduqda 1500-2000, hüquqi şəxs olduqda isə 5000-7000 manat məbləğində cərimə edilir.
Apteklər isə yalnız vəsiqə sahibləri tərəfindən Azərbaycan dilində təsdiq edilən istifadə təlimatı ilə təmin edildiyi halda, istehlakçının tələbi əsasında içlik vərəqəsinin kağız formasında çap edərək istehlakçıya təqdim etməməsinə görə 50 manat məbləğində cərimə edilir.
“Əlavə olaraq qeyd etməliyik ki, Prezidentin müvafiq göstərişləri əsasında səhiyyə sahəsində aparılan dəyişikliklərdən biri də elektron resept sistemidir ki, bu sistem vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatları ilə elektron qaydada da tanış ola bilərlər. Bunun üçün vətəndaşlar elektron resept sistemində dərmanlar bölməsinə daxil olaraq, müvafiq dərmanın istifadə təlimatını əldə edə bilərlər”, - deyə, məlumatda vurğulanıb.