Masallı rayon ictimaiyyətinə ağır itki üz verib - Millət vəkilindən BAŞSAĞLIĞI

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib - Millət vəkilindən BAŞSAĞLIĞI Masallı rayon ictimaiyyətinə ağır itki üz verib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri, polkovnik-leytenant, dəyərli ziyalı Məmmədağa Məmmədəli oğlu Şiriyev vəfat edib. Azadmedia.az xəbər verir ki, bu sözləri 74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov sosial media hesabında yazıb.
Millət vəkili qeyd edib ki, Məmmədağa müəllim ömrünü vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr etmiş, hüquq-mühafizə orqanlarında və ictimai fəaliyyətində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirmişdir: "Mərhumun Masallının ictimai-siyasi həyatındakı rolu, veteranların hüquqlarının müdafiəsi və tariximizin yaşadılması istiqamətində gördüyü işlər daim hörmət və ehtiramla yad ediləcək.
Məmmədağa Şiriyevin vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün böyük itkidir. Onun əziz, işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin!"

Xatırladaq ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.

Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Bu fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmış, YAP rayon Təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.

O, xalqımızın İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səlnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Masallıdan Qələbəyədək” adlı 2 cildlik kitabın müəllifidir.

Oxşar xəbərlər