Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir

Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir Kreml müasir dünya dəyərləri ilə ziddiyyət təşkil edən imperialist narrativləri ilə Rusiyanı beynəlxalq məkanda təklənmə təhlükəsinə doğru sürükləyir... Əgər, rus siyasi zehniyyəti dünyada geopolitik şərtlərin artıq ciddi şəkildə dəyişdiyini qəbul etməzsə, Rusiya öz sərhədləri daxilinə sıxışdırılmış dövlətə çevrilə bilər...

"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazın və region dövlətlərinin əsas problemləri sırasında Rusiyanın hegemonluq iddiaları da yer alır. Belə ki, Kreml Cənubi Qafqaza ənənəvi olaraq, Rusiyanın “arxa baxçası” kimi yanaşır. Üstəlik, çar Rusiyası dönəmindən üzübəri Kremlin bi imperialist mövqeyi heç vaxt dəyişməyib. Rusiya hətta keçmiş SSRİ-nin dağılmasından sonra region dövlətlərinin müstəqilliyini belə, formal hüquqi status kimi qəbul edir. Və Rusiyanın Ukraynada “savaş bataqlığı”nda zəifləməsi Kremlin Cənubi Qafqaza təzir imkanlarının məhdudlaşması baxımından da böyük önəm daşıyır.

Onu da qeyd etmək lazımdır ki, müstəqillik dövründə Azərbaycanın güclənərək, müstəqil xarici siyasət yürütməsi Rusiyanın geopolitik maraqlarına qətiyyən uyğun deyil. Belə ki, Rusiyanın Ermənistanda hərbi bazaları olsa da, Azərbaycanın tamamilə nəzarətdən çıxmasının Rusiyaya regional geopolitik proseslərdə ciddi problemlər yaratdığını Kremldə anlayırlar. Və bu səbəbdən də, Kreml Azərbaycana qarşı səhnəarxasında həmişə qərəzli siyasət yürütməyə üstünlük verib.

Məsələ ondadır ki, Azərbaycanın Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibinə çevrilməsi hazırda Kremldə ciddi qıcıq doğurur. Halbuki, rəsmi Bakı Rusiya ilə münasibətlərində həmişə geopolitik balansı qorumağa və faydalı əməkdaşlığa üstünlük verib. Rusiya siyasi dairələrindən isə analoji davranışların müşahidə edilməsinə isə hələ təsadüf olunmur. Və bu baxımdan, Rusiyanın Azərbaycana münasibətində hələ də qüsurlu yanaşma tərzinin ön planda olduğu inkaredilməz reallıqdır.

Maraqlıdır ki, Kreml Azərbaycanın artıq Rusiyanın təsir dairəsindən tamamilə çıxdığını da anlayır. Ancaq nə qədər qəribə də olsa, bununla barışmaq istəmir. Ona görə də, hazırda rəsmi Bakının Kremlin qərəzli davranışlarına verdiyi sərt reaksiya Rusiya siyasi dairələrində açıq-aşkar qıcıqla qarşılanır. Xüsusilə də, Kreml Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində raketlə vurulmasını rəsmən etiraf etmək istəmir. Və bu hərbi cinayətlə bağlı faktların üzərini ört-basdır etmək üçün əlindən gələn hər şeyi etməyə çalışır.

Rəsmi Bakının isə Kremldən gözləntisi konkretdir. Belə ki, Rusiya AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya əraisində vurulduğunu etiraf edərək, Azərbaycandan üzür istəməsi iki ölkə arasında qarşılıqlı münasibətlərin korlanma ehtimalını böyük ölçüdə bloklaya bilər. Kreml isə bunun əksinə olaraq, mövcud faktları inkar etməklə, münasibətlərin qəlizləşməsinə münbit şərait yaradır. Və ən əsasısa, Kreml öz müəmmalı davranışları ilə Azərbaycan-Rusiya strateji müttəfiqlik fəaliyyəti barədə sənədin hüquqi statusunu ciddi risk altına atmış olur.

Belə anlaşılır ki, Kreml əslində, normal münasibətlər çərçivəsində əməkdaşlıq etməyi bacarmır. Ona görə də, Rusiyanın strateji müttəfiqlərinin azlığı qətiyyən təəccüblü deyil. Son illərdəsə, Kremlin dostları sırasında Belarisdan başqa demək olar ki, heç bir dövlət qalmayıb. Çünki KTMT çərçivəsində müttəfiqliyin də formal xarakter daşıdığı Ukrayna savaşı yanaşma tərzi ilə növbəti dəfə təsdiqlənmiş oldu. Hə halda, KTMT üzrə hərbi müttəfiq ölkələrdən heç birisi Rusiyanın Ukraynaya qarşı işğalçılıq savaşını dəstəkləmədi. Hətta Belarus belə, bu savaşda Rusiyanın yanında yer almağa həvəs göstərmədi. Və bu baxımdan, Kremlin öz davranışları ilə Rusiyanı müttəfiqsizliyə məhkum buraxdığını iddia etmək mümkündür.

İndi Kreml öz imperialist geopolitik vərdilşləri ucbatından Cənubi Qafqazda yeganə normal münasibətləri ola biləcək Azərbaycanla da münasibətlərini korlamaq üzrədir. Belə ki, Rusiyanın Gürcüstan və Ermənistanla münasibətləri uzun müddətdən üzübəri qəlizdir. Kremlin Gürcüstan ərazisindəki iki separatçı bölgəni – Cənubi Osetiya və Abxaziyanı aşıq-aşkar dəstəkləməsi rəsmi Tiflisin Rusiyadan siyasi məsafəni açmasına səbəb olub. Və bu problemə Ermənistanın da Rusiyadan uzaqlaşıb, Qərbə inteqrasiyasa siyasəti yürütməsi də əlavə edilib.

Əgər, rəsmi Bakı ilə münasibətlər tamamilə korlanarsa, onda, Cənubi Qafqaz Rusiya üçün tamamilə itirilmiş regiona çevrilə bilər. Kremldə Azərbaycanın müstəqil xarici siyasət yürütmək hüquqları ilə barışmalıdırlar. Əks halda, Rusiyanın Azərbaycanla strateji müttəfiq olan Türkiyə ilə də müəyyən problemləri yarana bilər. Ona görə də, Kreml Türkiyə kimi güclü strateji müttəfiqi olan Azərbaycanla bərabərhüquqlu tərəfdaşlıq imkanlarını qorumağı bacarmalıdır. Və Cənubi Qafqazın lider dövləti Azərbaycanın Rusiyadan tamamilə uzaqlaşmasından yayınmağa çalışmalıdır.

Ən önəmli məqamlardan biri də odur ki, rəsmi Bakı Rusiyanın onilliklər boyu Azərbaycana qarşı məqsədyönlü ədalətsizliyi qətiyyən unutmayıb. Prezident İlham Əliyevin keçmiş SSRİ dönəmində Zəngəzur bölgəsinin Azərbaycandan qoparılaraq, Ermənistana verilməsini xatırlatması əslində, Rusiyaya yönəlik birbaşa mesajdır. Üstəlik, rəsmi Bakı Kremlə Rusiyanın 20 yanvar faciəsini törətməsini, Azərbaycanı parçalamaq üçün süni “Dağlıq Qarabağ problemi”ni yaratmasını, həm 44 günlük savaş dönəmidə, həm də ondan əvvəlki dövrlərdə Ermənistan külli miqdarda silah-sursat göndərməsini və s digər yolverilməz davranışları da xatırlada bilər. Və bu baxımdan, Kremlin rəsmi Bakı tərəfindən gündəmə gətirilən haqlı iradlara həssas yanaşması, iki qonşu dövlət arasında normal münasibətlərin qorunması baxımından, böyük önəm daşıyır.

Göründüyü kimi, Kreml müasir dünya dəyərləri ilə ziddiyyət təşkil edən imperialist mövqeyi ilə Rusiyanı beynəlxalq məkanda təklənmə təhlükəsinə doğru sürükləyir. Halbuki, indi Rusiyanın tərəfdaş dövlətlərin sırasını genişləndirməyə daha çox ehtiyacı var. Əgər, Kreml həm dünyada, həm də MDB məkanında geopolitik şərtlərin ciddi şəkildə dəyişdiyini qəbul etməkdə gecikərsə, bu, Rusiyanın öz sərhədləri daxilinə sıxışdırılmış dövlətə çevrilməsi ilə də nəticələnə bilər. Və bu baxımdan, Kremldə artıq anlamalıdırlar ki, köhnəlmiş imperialist narrativlər daha heç bir fayda gətirmir.

Oxşar xəbərlər