DÜNYASIYMIŞ BU DÜNYA

DÜNYASIYMIŞ BU DÜNYA İnsanlığa dünyada yer yoxuymuş,
Şeytanların dünyasıymış bu dünya.
Nankor, xain, etibarsız, vəfasız,
Dostun, yarın dünyasıymış bu dünya.

Düşmənə öz dövlətini pul üçün,
Şərəfini, şöhrətini pul üçün,
Namusunu, qeyrətini pul üçün,
Satanların dünyasıymış bu dünya.

Xeyri üçün hər bir kəsə baş əyən,
Ömründə bir doğru, düz iş görməyən,
Borc alıb, borcunu geri verməyən,
Atanların dünyasıymış bu dünya.

Haqq deyəni zindanlara basıblar,
Bəzisini boğazından asıblar,
Haqsızlığa susanlar ad alıblar,
Lalın, karın dünyasıymış bu dünya.

Ay Qara­xan, rüşvət alıb qul olan,
Başqasının pulu ilə varlanan,
Arvadına o pulla paltar alan,
Məmurların dünyasıymış bu dünya.

Oxşar xəbərlər