Azərbaycan, Türkiyə və Rusiya Zəngəzurda birləşir: Dəhliz Kremlin əsas müttəfiqini yeni düşmənə çevirir

Azərbaycan, Türkiyə və Rusiya Zəngəzurda birləşir: Dəhliz Kremlin əsas müttəfiqini yeni düşmənə çevirir Qərb "özəl xarici şirkət" ssenarisi ilə Zəngəzur dəhlizini ələ keçirtməkdə israrlı olarsa, Azərbaycan müvəqqəti də olsa, bu layihənin reallaşdırılması ilə bağlı müzakirələrdən imtina edə bilər... Rəsmi Bakı Qərbin Zəngəzur dəhlizində peyda olmasına imkan vermək niyyətində deyil, böyük ehtimalla Azərbaycan, Türkiyə və Rusiyanın ortaq nəzarət formatına daha çox üstünlük veriləcək...
Cənubi Qafqazda təhlükəli geopolitik oyunlar intensiv xarakter alıb. Belə ki, bu regiona birbaşa aidiyyatı olmayan kənar beynəlxalq güclər israrla Cənubi Qafqaza yerləşməyə can atırlar. Üstəlik, həmin beynəlxalq güclər öz geopolitik maraqları naminə regionda hərbi-siyasi situasiyanı məqsədyönlü şəkildə gərginləşdirməyə də cəhd göstərirlər. Və bu, hazırda Cənubi Qafqazın gələcək taleyinə ən ciddi təhlükə mənbəyinə çevrilməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, ABŞ Avropa Birliyi və Fransanın Cənubi Qafqaz maraqlarının reallaşdırılmasında Ermənistan "geopolitik alət" rolunu oynayır. Qərb məhz Ermənistan üzərindən iki önəmli regional prosesə nəzarəti ələ keçirməkdə israrlı mövqe tutur. Onlardan birincisi Azərbaycan-Ermənistan yekun sülh sazişinin hazırlanması və imzalanması ilə bağlı prosesdir. Qərbdə hesab edirlər ki, bu önəmli sənədin müzakirə prosesi birmənalı şəkildə nəzarətə alınmalıdır. Və burada əsas məqsəd Cənubi Qafqaza sülh, sabitlik gətirilməsinə dəstək vermək deyil, məhz Qərbin məkrli hədəflərinə geniş imkanlar açmaqdır.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Məsələ ondadır ki, Qərb siyasi dairələri yekun sülh sazişinin mətninə öz maraqları çərçivəsində müdaxilə şansı qazanmağa cəhd göstərirlər. Hesab edirlər ki, əgər, buna nail olsalar, yekun sülh sazişi Qərbin Cənubi Qafqazdakı maraqlarını ifadə və icra edən hüquqi sənədə çevrilə bilər. Və bu, Qərbin regionda əsas geopolitik oyunçu statusunu təmin edən siyasi-hüquqi mexanizmin yaradılmasına cəhd anlamı daşıyır.

Digər tərəfdən, Qərb siyasi dairələri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin məhz Avropa ölkələrindən birində imzalanmasında xüsusi maraqlıdır. Çünki buna nail olunarsa, deməli, Cənubi Qafqazda geopolitik iradə sahibinə çevrilmək planları güclənmiş olacaq. Və xüsusilə də, Rusiya bu regionda tamamilə oyundan kənar vəziyyətə düşəcək.

Təbii ki, Kreml Qərb siyasi dairələrinin bu oyunlarının əsas hədəflərini anlamamış deyil. Ona görə də, Rusiya son vaxtlar fəallaşaraq, Qafqaz sülh masasında orbitr rolunu geri qaytarmağa çalışır. Qərb isə Ermənistanın üzərindən Rusiyanın geri dönüş cəhdlərini bloklayır. Rəsmi İrəvan Rusiyanın regional sülh prosesinə vasitəçilik etməsinə müqavimət göstərir. Və bunu daha çox Azərbaycan-Ermənistan ikitərəfli təmaslarının hazırda effektiv olması ilə arqumentləşdirməyə çalışır.

Əslində isə bu, Qərbin təlimatları ilə hərəkət edən Ermənistanın siyasi manipulyasiyalarından başqa bir şey deyil. Çünki Qərbin vasitəçilik mövzusu gündəmə gələrkən, rəsmi İrəvan ikitərəfli təmasları ön plana çəkməyə ehtiyac duymur. Əksinə, Qərbin vasitəçilik missiyasının faydalı ola biləcəyini iddia edərək, buna razı olduğunu qabardır. Və bu, hazırda Qərblə Rusiya arasında əsas qarşıdurma mövzusu kimi diqqəti çəkir.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Halbuki, vasitəçilik mövzusunda yeganə prinsipial qərar vermək hüququ olan tərəfin Azərbaycan olması Ermənistan və Qərbin planlarını pozur. Çünki rəsmi Bakı konkret faktlarla artıq dəfələrlə sübuta yetirib ki, ABŞ, Avropa Birliyi və Fransa Azərbaycana qarşı qərəzli mövqedədir, ermənipərəst regional siyasət yürüdür. Bu səbəbdən də, rəsmi Bakı Qərb siyasi dairələrinin Qafqaz sülh masasına qatılmasınə qətiyyən istəmir. Və hazırda Azərbaycanın prinsipial mövqeyi Qərbi can atdığı əsas hədəfindən uzaq tutmaq üçün yetərli görünür.

Ancaq ABŞ, Avropa Birliyi və Fransanın nəzarəti ələ keçirməyə can atdığı digər önəmli geopolitik proses məhz Zəngəzur dəhlizinin açılması ətrafında aparılan müzakirələrdir. Belə ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək taleyinin müəyyən olunması baxımından, Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması qədər böyük əhəmiyyət daşıyır. İndi həm Qərb, həm də Rusiya Zəngəzur dəhlizinə can atır, bu önəmli geoiqtisadi marşruta nəzarəti ələ keçirtməyə cəhd göstərir. Və nə qədər qəribə də olsa, bu qarşıdurmada İran da iştirak etməyə çalışır, daha çox əngəlləyici faktor rolunda çıxış edir.

Təbii ki, hələlik İranın bu məsələdə mövqeyi Zəngəzur dəhlizinin gələcək taleyinə real təsir imkanlarından uzaqdır. Çünki Zəngəzur dəhlizinin açılmasında birbaşa maraqlı olan Rusiya İranı istənilən halda, neytrallaşdıra biləcək mexanizmlərə malikdir. Ona görə də, hazırda Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməyə yönəlik əsas qarşıdurma ilk növbədə Qərblə Rusiya arasında baş verməkdədir. Və bu qarşıdurmanın real nəticələri bir çox önəmli suallara cavab tapılmasında həlledici xarakter daşıyır.

Məsələ ondadır ki, Kreml Zəngəzur dəhlizinə təkbaşına nəzarət etməyə iddialıdır. Rusiya siyasi dairələri bu iddialarını əsasən 10 noyabr üçtərəfli anlaşması üzərindən arqumentləşdirir. Çünki həmin sənəddə Zəngəzur dəhlizinin açılması ilə yanaşı, ona Rusiya sərhədçilərinin nəzarət edəcəyi qeyd olunub. Kreml üçtərəfli anlaşmaya imza atmış Ermənistan baş naziri Nikol Paşinyandan öz üzərinə götürdüyü öhdəlikləri mütləq icra etməsini tələb edir. Və məhz həmin üçtərəfli sənəd hazırda rəsmi İrəvanı kifayət qədər qəliz vəziyyətə salmağa başlayıb.

8d2549ce-6455-4a24-b958-358cf63f8ae3.jpg (206 KB)

Qərb siyasi dairələri Zəngəzur dəhlizinə Rusiyanın nəzarətini yolverilməz hesab edirlər. Ona görə də, rəsmi İrəvana Rusiyanı Zəngəzur dəhlizinə yaxın buraxmamaq təlimatı verilib. Üstəlik, Paşinyan hakimiyyətinə bu məsələdə manipulyativ dəstək üçün yeni uydurma variant da gündəmə gətirilib. Belə ki, Paşinyan hakimiyyəti Ermənistanı üçtərəfli anlaşmaları pozmaqda suçlayan Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə iştirakını yolverilməz hesab edir. Və Rusiya sərhədçilərinin bu marşruta buraxılmayacağını da qabardır.

Maraqlıdır ki, ABŞ, Avropa Birliyi və Fransa Zəngəzur dəhlizi ilə bağlı yeni məkrli plan hazırlayıb. Həmin plana görə, Ermənistanın müraciəti əsasında Zəngəzur dəhlizinə özəl xarici şirkətin nəzarət etməsi vacib hesab olunur. Yəni, ABŞ, Avropa Birliyi və Fransa indi məhz "özəl xarici şirkət" adı altında Zəngəzur dəhlizinə nəzarəti ələ keçirtmək planları qurmaqdadır. Və həmin "özəl xarici şirkət"in məhz Qərbin ortaq maraqlarını təmsil edəcəyi qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazın gələcək taleyini müəyyən edəcək ən önəmli geostrateji layihəyə nəzarəti ələ keçirmək üçün yeni manipulyativ ideyalar icad etməyə çalışırlar. Halbuki, bu, Cənubi Qafqazda geopolitik hədəfləri olan rəqib düşərgənin maraqlarına zərbə xarakteri daşıyır. Belə ki, Azərbaycan, Türkiyə, Rusiya və Çinin Zəngəzur dəhlizi ilə maraqları daha çox uzlaşır. Və bu baxımdan, Qərbin yeni "ideya"sının baş tutacağı da qətiyyən inandırıcı görünmür.

Hər halda, Qərb "özəl xarici şirkət" ssenarisi ilə Zəngəzur dəhlizini ələ keçirtməkdə israrlı olarsa, Azərbaycan müvəqqəti də olsa, bu layihənin reallaşdırılması ilə bağlı müzakirələrdən imtina edə bilər. Yəni, rəsmi Bakı Qərbin Zəngəzur dəhlizində peyda olmasına imkan vermək niyyətində deyil. Böyük ehtimalla rəsmi Bakı Azərbaycan, Türkiyə və Rusiyanın ortaq nəzarət formatına daha çox üstünlük verə bilər. Və bu halda, yalnız Qərbin deyil, həm də Zəngəzur dəhlizi ilə bağlı prosesdə Rusiya ilə maraqları toqquşan İranın da neytrallaşdırılması da ciddi problem yaratmaz.(Musavat.com)

Oxşar xəbərlər