Kərim Tahirov: Qələbəmizin növbəti rəmzi

Kərim Tahirov: Qələbəmizin növbəti rəmzi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Son dörd ilə yaxın dövrdə dövlət başçısı İlham Əliyevin xalqa hər bir müraciəti, bayram təbriki qürurverici məqamlarla zəngindir. Bu baxımdan ki, artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Dövrün çağırışlarına uyğun olaraq yeni mərhələdə qarşıda dayanan vəzifələrdən və onlara nail olmaq üçün tərtib edilən yol xəritəsindən bəhs edilir. Cənab İlham Əliyev martın 18-də Xankəndi şəhərində böyük qürur hissi ilə Novruz tonqalını alovlandırdı. Təbii ki, bundan böyük xoşbəxtlik ola bilməz. 30 illik işğal dövründə daim bu arzu ilə yaşadıq ki, üçrəngli Bayrağımız Qarabağda, Şuşada və Xankəndidə dalğalanacaq. Bu arzunun reallıqda təsdiqini tapacağına inamımızı şərtləndirən əsas amillər dövlətimizin qətiyyəti, xalqımızın birliyi, həmrəyliyi, Ordumuzun gücü idi. Böyük inamla qeyd edirdik ki, o gün uzaqda deyil.

Kərim Tahirov: Qələbəmizin növbəti rəmzi


Artıq arzumuz reallaşır. Dörd ildir ki, bayramlarımızı Zəfər ruhunda qeyd edirik. Son illərdə Novruz tonqallarının azad edilmiş torpaqlarımızda yandırılması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində xalqımızı Novruz bayramı münasibətilə təbrik edərkən “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək” fikirləri ilə keçilən yolun və hədəflərin təqdimatını etdi.

Azərbaycanın rəşadətli Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində, bir günlük lokal antiterror tədbirlərində missiyasını şərəflə yerinə yetirdi. Son 20 ildə torpaqlarımızın azad edilməsinə hazırlaşdıq. Azərbaycanın iqtisadi və siyasi mövqeyi möhkəmləndirildi. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olundu. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev Novruz təbrikində bu mühüm məqama xüsusi diqqət yönəltdi: “Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz.”

Kərim Tahirov: Qələbəmizin növbəti rəmzi


Azərbaycan ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ, milli ləyaqətimizi bərpa etdi. Bu gün azad xalq kimi yaşayır, qurur və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Bir gün davam edən lokal antiterror tədbirlərinin uğurlu nəticələrinin sülh müqaviləsinin imzalanlanmasında bütün maneələri aradan qaldıracağına əminlik ifadə edildi. Azərbaycanın hər bir addımı, qərarı beynəlxalq hüquqa əsaslanır. Tarixi Zəfərimiz və ondan ötən üç ildən artıq dövrdə əldə etdiyimiz uğurlar ölkəmizin tarixi ədalətə söykənən siyasətinin təqdimatlarıdır. Dövlət başçısı İlham Əliyev hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində tarixi Qələbəmizə əminliyini ifadə edərək regionu gələcəkdə necə görmək istədiyini açıqlamışdı. Təbii ki, bu əminliyə əsas verən tarixi ədalətin sonda zəfər çalmasıdır. Ermənilər 30 il havadarlarına arxalanaraq qeyri-ciddi bəyanatları, tarixi saxtalaşdıraraq yalan təbliğatları ilə diqqətdə olmağa çalışsalar da, bu reallığın fərqində idilər ki, hər zaman fakt qarşısında acizdirlər. Prezident İlham Əliyev Xankəndidən bir daha tarixi faktlar əsasında bu reallıqlara diqqət yönəltdi ki, Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Xankəndi şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi.

Kərim Tahirov: Qələbəmizin növbəti rəmzi


Şuşada separatçıların qondarma ikinci parlament binasının yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır.

Dövlət başçısı İlham Əliyev Novruz təbrikində böyük qürur hissi ilə bir daha bildirdi ki, biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, özümüz ədaləti bərpa, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik.

Tarixi Zəfərimizin reallıqları fonunda regionda dayanıqlı sülhün yaradılmasında maraqlı olan ölkəmiz sülh müqaviləsinin imzalanmasında Ermənistanın da eyni şəkildə səylər göstərməsini tələb edir.

Oxşar xəbərlər