Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar

Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir. Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər.
Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur. Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar! Sizi həmişə zərif görmək istəyirəm. Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirəm. Çünki onlar buna və bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Leyla Həsənova


Oxşar xəbərlər