Klaarın hazırlayacağı hesabatı Brüssel və Paris nəzərə alacaqlarmı? - HƏQİQƏTƏN DƏ...

Klaarın hazırlayacağı hesabatı Brüssel və Paris nəzərə alacaqlarmı? - HƏQİQƏTƏN DƏ... Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatiya Forumunda müzakirələr zamanı belə bir cümlə işlədib: “İrəvan və Bakı arasında sülh Avropa İttifaqı missiyasını Ermənistandan çıxarmağa imkan verəcək”. Yəni Avropa İttifaqı təmsilçisi demək istəyib ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, Avropa İttifaqının “müşahidə missiyasının” Ermənistanda qalmasına ehtiyac olmayacaq. Ancaq bu cümlədən aydın deyil ki, sülh dedikdə konkret nə nəzərdə tutulub? Misal üçün iki ölkə arasında çərçivə sazişi imzalanarsa, Avropa İttifaqının müşahidə missiyası Ermənistan-Azərbaycan şərti sərhəddindən çıxarılacaqmı? Fikrimcə, İrəvan və Brüssel çərçivə sazişinin imzalanmasından sonra da missiyanın fəaliyyətinin davamında maraqlıdırlar. Çünki məlum “missiyanın” gizli məqsədi Ermənistan ərazisində Rusiya hərbi qüvvələri ilə rəqabəti davam etdirməkdir. Ancaq o da aydındır ki, Toivo Klaar həmin missiyasının iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrildiyinin fərqindədir və buna görə avropalı “müşahidəçilərin” bir müddət sonra bölgəni tərk edəcəyinə eyham vurub. Görəsən Klaarın bu mövzuda hazırlayacağı hesabatı Brüssel və Paris nəzərə alacaqlarmı?

Elxan Şahinoğlu

Oxşar xəbərlər