İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Otuz iki ildən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Otuz iki ildən sonra biz ilk dəfə Xocalı faciəsi gününü Xocalıda qeyd edirik.
26 fevralda Xocalı faciəsi qurbanlarının xatirəsini əbədləşdirmək üçün cənab prezidentimiz İlham Əliyev memorial kompleksin təməlini qoydu.O, öz çıxışında bildirdi ki: “Bu layihə çoxdan hazır idi,ancaq bilərəkdən hər il bu kompleksin tikintisini təxirə salırdım. Çünki, sizin kimi mən də inanırdım və bilirdim ki, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq”.
Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmiş, 150 insan itkin düşmüşdür, - təbii ki, onların da taleyi bəllidir, - 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.
Azərbaycan dövləti, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlarımız və Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni, biz haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti və onun arxasında duran ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin.
Biz həm İkinci Qarabağ müharibəsi zamanı,həm antiterror əməliyyatı zamanı erməni cinayətkarlarından qisasımızı aldıq. Hər iki əməliyyat zamanı Azərbaycan ordusu erməni vəhşilərindən fərqli olaraq dinc əhaliyə zərər yetirməyib. Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz bu gün onların sayəsində bu torpaqlara qayıtmışıq.
2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı və biz bu gün Xocalıda quruculuq işləri aparırıq. Tezliklə öz doğma yurd-yuvalarından didərgin düşmüş bacı və qardaşlarımız Xocalıya geri dönəcək. Mən inanıram ki, şəhid olmuş həmvətənlərimizin ruhları bir az da olsa şad olmuşdur. Artıq onların öldürüldüyü yerlərdə erməni faşistləri yoxdur. Buna görə də, biz Ali Baş Komandan İlham Əliyevə və canlarını fəda edən şəhidlərimizə minnətdarıq!
Bakıxanov qəsəbəsi, 96 saylı məktəbin
Kimya müəllimi Şəbnəm Rəhimova