Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, - təbii ki, onların da taleyi bəllidir, - 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.
Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni, biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi.
2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Birinci köçkün qəsəbəsi o vaxt Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır və o vaxt bizim o qədər də böyük maliyyə imkanlarımız yox idi. Ancaq olan-qalan vəsait də bax o məqsədlər üçün istifadə olundu və bu, bir yol göstəricisi idi. Yəni, Ulu Öndər hamımıza göstərmişdi ki, biz ağır vəziyyətdə yaşayanlar üçün gərək şərait yaradaq. Prezident qeyd edib ki: “Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?”
Təbii ki, 44 günlük müharibədə necə ki, Şuşasız bizim işimiz yarımçıq qala bilərdi, eləcə də Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Son 32 ildə ilk dəfə Xocalı soyqırımı qurbanlarının xatirəsi Xocalıda anıldı. Dövlət başçımız Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin təməlini qoydu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Bu kompleks üçün ən uyğun məkan təbii ki, Xocalıdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, əslində kompleksin layihəsi çoxdan hazır olsa da, Xocalıya qayıdacağımız günü gözlədiyimiz üçün bu vaxta qədər həmin memorialın tikintisi təxirə salınırdı. Dövlət başçımızın bu sözləri hər birimizi təsirləndirdi. Bu, bir daha onu göstərdi ki, Xocalıya qayıdışla bağlı heç vaxt şübhə olmayıb. Prezident İlham Əliyev Ali Baş Komandan kimi sona qədər hər zaman ərazilərimizin hər bir qarışının azad olunması istiqamətində çalışıb. 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bizi əsas hədəfimizə çatdırdı. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək. Soydaşlarımız bu torpaqlara qayıdacaq. Məlumdur ki, 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası çərçivəsində soyqırımın dünyaya tanıdılması istiqamətində fəal iş aparılır. Amma dövlət başçımızın da söylədiyi kimi, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Faciəni soyqırım kimi tanıyan 18 ölkənin arasında böyük dövlətlərin adlarının olmaması reallığın nədən ibarət olduğunu söyləməyə əsas verir. Beynəlxalq təşkilatların susqunluğu, böyük dövlətlərin biganəliyi ona gətirib çıxardı ki, Azərbaycan Xocalıya ədaləti döyüş meydanında təmin etdi. Bu, həm də tarixi ədalətin bərpası idi. Bu ədalət nəticəsində biz Xocalıya qayıtdıq, burada həyat yenidən başlayır. Şəhidlərimizin, soyqırım qurbanlarının ruhu şaddır. Amma Azərbaycan xalqı 20-ci əsrin ən qanlı cinayətini - Xocalı soyqırımını heç vaxt unutmayacaq.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov