1992-ci il fevral ayının 26 -da Ermənistan silahlı birləşmələri imperiyapərəst qüvvələrin bilavasitə iştirakı və havadarlığı ilə Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımı törətdilər. Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi hərbi texnika ilə silahlanmış mənfur düşmənin qəfil və amansız hücumuna məruz qaldı. Yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta körpələr ən dəhşətli üsullar və vasitələrlə qətliama məruz qaldılar. Yeddi minlik əhalisi olan Xocalı şəhəri erməni faşizmi nəticəsində yerlə yeksan edildi. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə tayı bərabəri olmayan vəhşilik idi. O dəhşətli gecə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. Xocalı faciəsi öz ağırlığı, amansızlığı ilə bir çox cinayət hadisələrindən fərqlənir. 32 il bundan əvvəl Xocalıda 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər əsir və girov götürülmüş, 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir. Bu cinayətlərin səbəbkarı Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xəyalına düşmüş mənfur qonşumuz ermənilərdir. Əslində Xocalıda baş vermiş soyqırım XX əsrin ən böyük insani faciələrindən biridir. Xocalıda misli görülməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir hissəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə kəskin şəkildə öz mövqelərini bildirmələri üçün ciddi tədbirlər görülməlidir. Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın yalnız torpaqlarına göz dikmək , ərazisini qəsb etmək yox, xalqımıza qarşı soyqırım törətmək kimi vəhşi bir yola düşmüşlər. Tarixə insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşmüş Xocalı soyqırımının törədilməsindən 32 il ötür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı soyqırım aktı kimi təsbit olundu. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması məqsədilə böyük işlər görülmüşdür. Ali baş komandan İlham Əliyevin səriştəli siyasəti nəticəsində Dağlıq Qarabağın, həmçinin Xocalı şəhərinin işğaldan azad olunması ,möhtəşəm qələbə, xalqımızın yaşadığı bu böyük sevinc duyğusu Xocalı soyqırımının qəlblərimizə vurduğu silinməz yaraya məlhəm oldu. İkinci Qarabağ müharibəsində qətliamın fəal iştirakçılarından olan şəxslərin məhv edilməsi böyük bir qisas deməkdir. Xocalı soyqırımı heç vaxt yaddaşlarımızdan və qəlblərimizdən siliməyəcəkdir. Bu qətliam öz beynəlxalq və siyasi dəyərini dünya ictimaiyyəti tərəfindən almalıdır
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Fatimə Xəlilova