Xocalı faciəsinin dəyərləndirilməsi və dünya ictimaiyyətinə təqdim edilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir

Xocalı faciəsinin dəyərləndirilməsi və dünya ictimaiyyətinə təqdim edilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir Xocalı faciəsinə gedən yol 1988-ci ilin fevral ayinda Xankəndində ermənilərin mitinqləri ilə başlandı. Sanki sehirli qüvvələr tərəfindən idarə olunan mitinqlər sakit məcrada davam edirdi və ermənilər müxtəlif tələblər irəli sürürdülər. Azərbaycanın o vaxtkı rəhbərliyi həqiqəti ört-basdır edirdi. 1988-1991-ci illərdə Xocalıda-ümumiyyətlə Qarabağ ərazisində çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından zorla,vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, Qarabağ vilayətində yaşayan azərbaycanlılara divan tutur, onları yurd-yuvalarından didərgin salırdılar. Xocalı faciəsi əvvəlcədən hazırlanmış plan əsasında törədilmişdi. Bu planın gerçəkləşməsini istəyənlər Moskvada oturub gözə görünməz barmaqlarını işə salmışdılar. Kimisi Azərbaycan kimi “yağlı bir tikəni” əldən verməməyə çalışır, kimisi isə yüz illər boyu çalışdığı arzusuna çataraq torpaq iddiasını həyata keçirmək istəyir, kimisi də vəzifə kürsüsünə özünü pərçim etmək üçün yüz hoqqadan çıxırdı. Bu oyunların qurbanları olanlar gözlənilməz bəlaların fırtınasında qətlə yetirilir, əsir, girov götürülür, yurd yerindən qovulurdu.
Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü ilin fevralın 24-də “Xocalı Soyqırımı Günü” haqqında xüsusi qərar qəbul etdi. Sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00 da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Xocalı faciəsinin dəyərləndirilməsi və dünya ictimaiyyətinə təqdim edilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə Prezident İlham Əliyev , Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva ardıcıl və sistemli tədbirlər həyata keçirirlər. 2008- ci ildən Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının keçirilməsinə başlanmışdır. Məhz həmin addımların nəticəsidir ki, bu gün dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, konkret olaraq isə İslam Əməkdaşlıq təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Əzizzadə


Oxşar xəbərlər