Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi. Qarabağda Ermənistana məxsus 15 minə yaxın hərbiçi var idi. İki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Azərbaycanın təklifi çox aydındır. Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Ancaq Azərbaycanın müraciətləri və bəyanatları lazımi şəkildə dəyərləndirilmədi.
İki hadisə baş verdi ki, bu, bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi. İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu.
Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı.İndi biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük. Beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz.
Azərbaycan əlindən gələni edir ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək. Əsas məsələ keçmiş məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır. İş yerlərinin yaradılması da vacib sahələrdəndir və biz qayıdış prosesini planlaşdırarkən diqqətimizi buna yönəldirik.
Bizim böyük potensialımız və geniş coğrafiyamız var. Nəhəng enerji ehtiyatlarımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu, əslində, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik.
Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Ermənistan tərəfindən belə tanınmayan qondarma “dağlıq qarabağ respublikası”nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı heç zaman olmayıb. İki şans var idi - ya Azərbaycanın qalan hissəsi ilə inteqrasiya etmək, ya da tarixə qovuşmaq. Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib.
Bu gün neft və qaz kəmərləri, dəmir yolları daxil olmaqla, Gürcüstan və Azərbaycanın böyük sərvətləri var, elektrik xətləri çəkiləcək, ticarət əlaqələri inkişaf edir, təhlükəsizliklə bağlı məsələlər həll olunur. Son 30 illik müstəqillik dövründə Gürcüstanın və Azərbaycanın inkişafı hər iki ölkənin inteqrasiya səviyyəsini, hər iki ölkədə ümumi qarşılıqlı və faydalı layihələrin həyata keçirilməsini və hər iki ölkənin ayrı-ayrılıqda hərəkət etmək əvəzinə, birlikdə Avropa üçün necə daha vacib olmasını göstərir.
Maştağa qəsəbəsi, 293№li tam orta məktəbin
Tarix müəllimi Aytən Eminova