Çağdaş tariximizin ən şanlı səhifələrini bəzəyən 44 gün...Xalqımızın 30 illik ağrı-acısını zəfərlə unutdurmağa qadir olan 44 gün...Mənfur düşməni itaətə məcbur edərək, təslimolma aktına imza atmağa hərəkətləyən möhtəşəm qələbə..!
Və bu qələbənin yekunu olaraq əzəmətli bir simfoniyanın son akkordu kimi səslənən Zəfər paradı...10 dekabr 2020-ci il...O səhər Bakı özgə bir aləm idi. Soyuq dekabr havasına rəğmən elə bil ki, dəniz də gözünü sabaha daha tez açmış, uca binaların eyvanları sanki bir azdan başlanacaq ecazkar bir mənzərənin tamaşasına müntəzir kimi boylanırdı...
Zəfər Paradı...Biz bu günü necə də arzulamışıq?! Uşaqdan-böyüyə, cavandan qocaya hamı, hamı bacardığı qədər,yeriyə bildiyi yerə kimi Azadlıq meydanına axışırdı. Hamı bu şanlı tarixi bizə yaşadan qəhrəman oğullarımızı, cəsur və yenilməz əsgərlərimizi, ordumuzun qüdrətinin nümayiş olunacağı təntənəni görmək istəyi ilə irəli can atırdı.
Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 3000 əsgər və zabiti ilə yanaşı qardaş Türkiyənin əsgər və zabitləri də fəxri paradı təmsil edirdilər.
Paradı Azərbaycan Respublikasının prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevlə yanaşı Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da qəbul edirdi.
Müdafiə Nazirinin müavini Kərim Vəliyev parada komandanlıq vəzifəsini icra edirdi. Şuşa işğaldan azad edildikdən sonra sonsuz qürur hissi yaşadığımız anlarda şəhər üzərində qaldırılmış Zəfər bayrağının Azadlıq meydanına gətirilməsi möhtəşəm görüntülər idi...
Meydanda Silahlı Qüvvələrimizə məxsus 150 növədək raket və digər texnika,hava hücumundan müdafiə sistemləri, o cümlədən 2005-ci ildə cənab prezident İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gəlmiş Müdafiə Sənayesi Nazirliyinin bazasında yaradılmış milli silahlar,müxtəlif çeşiddə döyüş ləvazimatları nümayiş etdrilmişdi. Eyni zamanda Xəzərdə bu zaman hərbi gəmi-katerlər qələbəni simvolizə edən dövrələr vururdu. Cəsur şahinlərimiz isə Bakı səmasında inanılmaz tryuklar göstərərək, seyr edənləri heyrətdə buraxırdılar.Onların şəhər üzərində Azərbaycanın Dövlət bayrağının təsvirini cızmaları isə sürəkli alqışlarla qarşılanmışdı.
Bunlarla yanaşı bu hərbi marşın maraq doğuran anları yenilməz bahadırlarımız tərəfindən qənimət edilmiş düşmən hərbi texnikasının nümayişi oldu. Qədim oğuz elində söylənildiyi kimi, düşmən basıldı. Ona görə ki, o, qarşısında Azərbaycan əsgərini görmüşdü. Ona görə ki, onu Ali Baş Komandanımızın həm strateji üstünlüyü, həm də müdrik diplomatiyası məhv etmişdi.
Və bu Zəfər Paradı təkcə Bakı şəhəriylə məhdudlaşmadı. Biz Qarabağı tamamilə azad edərək qələbə bayrağını daşnakların isti yuvasına çevrilmiş Xankəndidə dalğalandıra bildik və Zəfər Paradını bu dəfə Xankəndinin özündə keçirdik.Və bir daha o iki ecazkardan artıq kəlməni artıq tam fəxarətlə söyləyə bildik: “Qarabağ Azərbaycandır”.
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov