Zəfər paradı Azadlıq meydanının xarakterini dəyişdi

Zəfər paradı Azadlıq meydanının xarakterini dəyişdi 2021-ci il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Həmçinin, Şuşa işğaldan azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdir.
Məhz dövətimizin, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazanılan Şanlı Qələbədən sonra qələbəmizin təqdimatı olan Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak etdilər.
Vətən müharibəsində tətbiq etdiyimiz taktika dünyanın qabaqcıl hərbi akademiyalarını və müxtəlif ölkələrin, o cümlədən böyük dövlətlərin baş qərargahlarını təəccübləndirmiş, hərbi strategiyamız, müharibə aparma metodlarımız onların diqqətini çəkib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən dünyada ilk dəfə dronlardan, eləcə də süni intellektə əsaslanan texnologiyalardan və elektron müharibə vasitələrindən istifadə olunması bu gün ən çox diqqət mərkəzindədir. Nüfuzlu hərbi ekspertlər və ixtisaslaşmış beyin mərkəzlərinin fikrincə, məsələ sadəcə dronların kütləvi tətbiq edilməsində deyil. Əslində, Azərbaycanın böyük ustalıq və məharət sərgiləyərək dronları digər hərbi texnika və döyüş vasitələri, xüsusən də ağır artilleriya ilə indiyə qədər hərb sənətində görünməmiş dərəcədə effektiv, mükəmməl koordinasiyalı və ahəngdar tərzdə tətbiq etməsi müharibənin taleyini həll edib
Bu paradın digər paradlardan mənəvi və tarixi əhəmiyyəti daha böyük idi. Bu hər bir formada həm ölkəmizin qüdrətini bir daha göstərdi, həm də ölkədə siyasi münasibətlər sisteminin mükəmməlliyini nümayiş etdirdi. Xalqın öz ordusu ilə öz prezidenti ilə necə birlik olduğunu göstərdi. Eyni zamanda gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və ümumilikdə dövlətə, vətənə bağlılığı ilə əlaqədar paradın maarifləndirici xarakterinin də mühüm olduğunu düşünürəm və ümid edirəm ki, bütövlükdə həmin bu paradla bağlı materiallar yalnız dekabr ayında deyil müxtəlif dövrlərdə tədris ocaqlarında gənclərimizə aşılanacaq və onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm komponentlərdən birinə çeviriləcək.
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi


Oxşar xəbərlər