Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi.
İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Nə üçün biz bunu edirdik? Çünki biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün bizə şərait yaratdı. Eyni zamanda, bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə də bir siqnal idi ki, siz kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız, bu, sizin öhdəliyinizdir. Amma həyatda biz bunun əksini gördük, nəinki Ermənistan silahlı qüvvələri çıxarılmadı, əksinə, daha çox qüvvə göndərilmişdi. O vaxt Laçın-Xankəndi yolu hələ bizim nəzarətimizdə deyildi, silah-sursat, minalar gətirilmişdi və Ermənistanın siyasi rəhbərliyi Qarabağdan öz silahlı qüvvələrini çıxarmaq istəmirdi.
Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı, bax, bu meydanda ərazi iddiası qaldırmışdır. Bax, bu binada - Azərbaycan dövləti tərəfindən vaxtilə inşa edilmiş binada Azərbaycana qarşı məkrli planlar hazırlanırdı. Erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək. Onların dəyirmanına su tökənlər, bu gün də onların arxasında dayanmış bəzi ölkələr bu məsuliyyəti onlarla 100 faiz bölüşürlər.
Biz isə deyirdik ki, heç vaxt bu vəziyyətlə barışmayacağıq və bunu gizlətmirdik. Bizə nə qədər deyilmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həlli yoxdur. Mən isə deyirdim ki, sülh yolu ilə bu məsələ həll olunmasa, bizim başqa çarəmiz qalmayacaq və 44 gün ərzində göstərdiyimiz qəhrəmanlıq, peşəkarlıq, əfsuslar olsun ki, Ermənistan rəhbərliyinə dərs olmadı.
Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Əlbəttə ki, ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər.Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin.Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır və nida.
Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü.
Mən bir daha, əziz hərbçilər, sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Qarabağ Azərbaycandır!
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Yeganə Eminova