Azərbaycan-Ermənistan iqtisadi əlaqələri: Bu halda mümkün olacaq - AKTUAL

Azərbaycan-Ermənistan iqtisadi əlaqələri: Bu halda mümkün olacaq - AKTUAL Ermənilər Azərbaycan və Türkiyədən asılı olacaqlarından narahatdırlar.

Qeyd edək ki, Ermənistanın Baş nazir Nikol Paşinyanın təqdim etdiyi sülh layihəsi və xəritə erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Paşinyan bu layihə ilə Zəngəzur dəhlizinin qarşısını almaq, əvəzində sadələşdirilmiş rejimlə kommunikasiyanın açılmasına nail olmaqdır.

Məsələyə münasibət bildirən erməni hüquq müdafiəçiələri Avetik İxşanyan və Karen İgityan iddia edirlər ki, Paşinyanın bu siyasəti Ermənistanı Azərbaycan və Türkiyənin ağuşuna atacaq.

Avetik İxşanyanın sözlərinə görə, Ermənistan iqtisadiyyatı tamamilə Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.

“Əgər Paşinyanın göstərdiyi xəritə icra olunarsa, qısa zamanda Ermənistan iqtisadiyyatı Azərbaycan və Türkiyə iqtisadiyyatından asılı olacaq. Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək. Zamanla Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi, daha sonra siyasi nəzarətinə keçəcək”, - deyə İxşanyan bildirib.

Karen İgityan isə qeyd edib ki, bu layihədən Azərbaycan və Türkiyə daha çox qazanc əldə edəcək.

DİA.AZ-ın xəbərinə görə, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, erməni ekspertlərin iddiaları müəyyən mənada özünü doğrulda bilər:

“Bütün bu amillər Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin şərtlərindən asılı olacaq. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq sülh müqaviləsinin şərtlərini Ermənistana təqdim edib.

Hazırda hər iki tərəf bəzi önəmli məsələlər üzərində ortaq məxrəcə gəliblər. Sülh müqaviləsinin son mətnində hansı müddəaların qeyd olunacağı məsələsinə gəlincə, bütün bunları diqqətlə nəzərdən keçirmək lazımdır. Yəni əsas məsələ Azərbaycanla Ermənistan arasında bir çox vacib müddəalarla və prinsiplərlə əhatə olunan sülh müqaviləsinin imzalanmasıdır.

Azərbaycan, Ermənistan və Türkiyə arasında kommunikasiyaların açılması və münasibətlərin qurulması iqtisadi cəhətdən zəif olan Ermənistanda Azərbaycan və Türkiyə şirkətlərinin iqtisadi imkanlarını qısa zamanda artıracaq.

Belə ki, Gürcüstan iqtisadiyyatına baxanda, Azərbaycan və Türkiyə şirkətləri öz investisiyaları ilə bu ölkədə biznes sahəsində geniş və mühüm rol oynayırlar. Ermənistan iqtisadiyyatının həcmini nəzərə alsaq, çox qısa zamanda Azərbaycan və Türkiyə şirkətləri bu ölkədə uğur qazanacaqlar.

Ekspert bildirib ki, Bakı ilə İrəvan arasında sülhün və münasibətlərin bərqarar olunacağı təqdirdə Azərbaycan vətəndaşlarının Ermənistanda bizneslə məşğul olması mümkün olacaq:

“Azərbaycan vətəndaşlarının Ermənistanda mənzil və obyekt alması, həmçinin Ermənistan vətəndaşlarının Azərbaycanda daşınmaz əmlaka yatırım qoyması iki ölkə arasında qarşılıqlı şəkildə imzalanacaq sülh müqaviləsindən asılı olacaq.

Son 10-15 il ərzində hər iki ölkənin əhali sayına baxsaq, təbii ki, Azərbaycan əhalisinin artım dinamikası Ermənistandan qat-qat üstündür. BMT-ın hesabatında yaxın zamanda Azərbaycan əhalisinin 12 milyon, Ermənistanda əhalinin 1.5 milyon olacağı deyilir.

Belə olan halda, iki xalqın sülh şəraitində yaşaması mümkün olacağı təqdirdə Azərbaycan vətəndaşları Gürcüstanda olduğu kimi Ermənistanda da mənzillər və obyektlər alacaqlar. Bu da Qərbi Azərbaycandan olan soydaşlarımızın dədə-baba torpaqlarına qayıtmasını mümkün edəcək.

Ermənistan iqtisadiyyatının Rusiyadan asılı olduğunu nəzərə alsaq, Azərbaycan və Türkiyə şirkətlərinin bu ölkədə dominantlıq etməsi mümkündür. Hətta münaqişə illərində belə Türkiyə ilə Ermənistan arasında Gürcüstan üzərində 200 milyon dollar civarında ticarət dövriyyəsi var idi. Ermənistan ilə Türkiyə arasında sərhədlər açılandan sonra qarşılıqlı ticarət dövriyyəsi daha da genişlənəcək.

Qeyd edim ki, Türkiyənin Ermənistanda ciddi oyunçuya çevrilməsi Azərbaycan strateji maraqlarında mühüm yer tutur. Yaxın gələcəkdə Türkiyənin Emənistanda iqtisadi imkanlarının artması Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına müsbət təsir göstərə bilər.

Oxşar xəbərlər