Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi bir çox aspektdən mühüm əhəmiyyət kəsb edən hadisədir

Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi bir çox aspektdən mühüm əhəmiyyət kəsb edən hadisədir

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi bir çox aspektdən mühüm əhəmiyyət kəsb edən hadisədir.
Azərbaycan ev sahibliyi etdiyi bu beynəlxalq Forumu artıq ikinci dəfədir ki, məhz işğaldan azad edilmiş şəhərlərimizdə keçirir. Ötən il 1-ci Şəhərsalma Forumu Ağdam şəhərində təşkil olunmuşdu. Bu il isə estafeti artıq Zəngilan qəbul edib. Bununla Azərbaycan bütün dünya ictimaiyyətinə işğaldan azad edilmiş və əbədi qayıtdığımız torpaqlarda həyatın necə sürətlə dəyişdiyini, canlandığını, bu ərazilərdə gedən yenidənqurma işlərinin vüsətini bir daha əyani şəkildə nümayiş etdirir. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev tədbir iştirakçılarına təqdim etdiyi açıqlamalarında Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində görülmüş işlər və gələcək planlar barədə detallı məlumatlar təqdim etmişdir. Dünyanın 53 ölkəsindən, ümumilikdə 400 iştirakçının qatıldığı bu tədbir Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü möhtəşəm işləri, erməni işğalı nəticəsində tamamilə dağıdılaraq viran qoyulmuş şəhər və kəndlərimizin sıfırdan necə yenidən qurulduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirmək üçün həqiqətən də böyük platformadır. Bu ərazilərdə qurub-yaratmaqla məşğul olan Azərbaycan bununla həm də öz niyyətini- sülh və əmin-amanlıq istəyini dünyaya nümayiş etdirir.
Dövlət başçımızın çıxışında yer alan ən mühüm məqamlardan biri işğal dövründə beynəlxalq təşkilatların, dünya liderliyi iddiasında olan ölkələrin Azərbaycana qarşı ədalətsiz mövqelərdən çıxış etmələri, xalqımızın başına gətirilən faciələrə biganə qalmaları ilə bağlı olmuşdur. Əgər belə olmasaydı, Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini çoxdan tapa bilərdi. Lakin bu baş vermədi. Daha doğrusu, Cənubi Qafqazda öz maraqları olan qüvvələr buna imkan vermədilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illər boyu icra olunmadı. Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozur, Zəngilanda, Laçında, Kəlbəcərdə, Şuşada Yaxın Şərqdən və digər ölkələrdən erməni diasporu tərəfindən dəvət edilmiş minlərlə qeyri-qanuni sakin məskunlaşdırır, cinayət törədirdi. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı heç bir sanksiya tətbiq etmədi. Azərbaycan 28 il ərzində bərpa olunmasını gözlədiyi ədaləti özü, həm də cəmi 44 günə bərpa etdi.
Bu gün Qarabağda gedən quruculuq prosesi bütün vətəndaşların, o cümlədən bölgənin erməni millətindən olan sakinlərinin də rifah içərisində yaşamaları üçün aparılır.
İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycan ictimaiyyətini Zəfər ovqatı ilə qoşa yaşadır. Hamı inanır ki, bu proses də Zəfərlə tamamlanacaqdır. Azərbaycan vətəndaşları ölkə başçısının dediyi “İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq.
Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumu işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yüksək sürətlə başa çatacağına istiqamətlənmiş tədbirdir. Bu və bu kimi tədbirlər həm də böyük vətənpərvərlik niyyəti ilə tarixləşir. Forumda cənab Prezidentimizin dediyi “Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər” kəlamları həm forumla bağlı informasiyadır, həm də Vətən sevgisinin bir çalarına işıqdır.



Faiq Çobanov,
Salyan rayon Qardili kənd tam orta məktəbin direktoru, YAP fəalı

Oxşar xəbərlər