Dünyanın ən uzun sürən problemlərindən biri də Qarabağ münaqişəsi idi. Azərbaycan hər zaman səbirlə, təmkinlə danışıqlar apardı, ancaq Ermənistan tərəfi bunu düzgün qiymətləndirmədi. Xaricdəki havadarlarına arxalanaraq, beynəlxalq təşkilatların verdiyi qərarlara 27 il saymazlıq göstərdi. Mülki əhalini belə ara-sıra hədəf almaqdan çəkinmədi. Beynəlxalq təşkilatlar da Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlamasına, 1 milyon əhalisinin yer-yurdlarından köçkün düşməsinə, dinc əhalinin atəşə tutulub itkilər verməsinə baxmayaraq, heç bir tədbir görmədilər. 44 günlük savaş İlahi ədalətin bərqərar olduğu, günahsız insanlarin ah-naləsinin yerdə qalmadığı, ev-eşiklərindən qovulan insanların dədə-baba torpaqlarına qovuşduğu tarixi hadisədir. Hər zaman özünü istər ordu, istərsə də dövləti cəhətdən güclü sayan Ermənistan, Azərbaycanın hərbi qüdrətini gördü, Müzəffər Ordunun dəyanəti, peşəkarlığı sayəsində özünün rəzil məğlubiyyətini etiraf etdi, kapitulyasiya aktını imzaladı.
Ermənilər Kəlbəcərin qaytarılmasını yubadaraq, üçtərəfli müqavilənin şərtlərini pozmaq istədilər. Kəlbəcərin, Laçının və Ağdamın döyüş əməliyyatı aparılmadan Azərbaycana qaytarılması bəndini əzib keçmək istədilər. Bu canfəşanlıq onlara yalnız 10 gün qazandırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Ağdam, Kəlbəcər və Laçın bir güllə də atılmadan bizə qaytarıldı.
2020-ci ilin 1 dekabrı unudulmaz Zəfər yolunun bir parçası, Laçın rayonunun Azərbaycan Ordusunun nəzarətinə keçdiyi gündür.
27 il ərzində işğal olunmuş torpaqların Azərbaycana qaytarılması üçün nə qədər danışıqlar aparılmışdır. Lakin həll olunması nəzərdə tutulan bu danışıqlardan heç bir nəticə əldə olunmamışdır və Azərbaycana məğlub olan tərəf kimi yanaşılaraq istəlinən şərtə razı olmaq təklif edilirdi. Azərbaycan isə öz növbəsində dövlətinin ərazi bütövlüyünü istər hərb, istər də sülh yolu ilə həll etməyə hər zaman hazır idi. Azərbaycan həmişə səbirli olmuşdur, təmkinlə Ermənistanın bütün təxribatlarına dözüm nümayiş etdirmişdir. Bütün bu keçən zamanlarda Azərbaycan siyasi və iqtisadi cəhətdən güc topladı. Məğlubedilməz orduya, modern silahlara sahib oldu. Ulu Yaradanın Müzəffər Ordumuza verdiyi güc sayəsində Vətən müharibəsində qazandığımız Zəfərlə BMT Təhlükəsizlik Şurasının 27 ildir yerinə yetirilməyən qətnamələrini həll etdik və doğma torpaqlarımızı işğaldan azad etdik.
Azərbaycan Prezidenti İlham Əliyev bir çıxışında demişdir: “Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Verdiyeva