Paşinyan sülh sazişini İMZALAYACAQMI... - NƏHAYƏTDƏ...

Paşinyan sülh sazişini İMZALAYACAQMI... - NƏHAYƏTDƏ... Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı iddiasını yenidən davam etdirib. Paşinyan mətbuat konfransında Qarabağın erməni əhalisinin "hüquq və təhlükəsizliyi" ilə bağlı "beynəlxalq mexanizmin” qurulması və bu çərçivədə Xankəndi-Bakı dialoqunun aparılması fikrini irəli sürüb: “Bizim fikrimiz belədir: Ermənistan “Qarabağ xalqının” taleyini həll edə bilməz. “Qarabağ nümayəndələrinin özləri danışıqların, dialoqun tərəfdarı olmalıdır. Biz bu gündəmi təbliğ edirik”. Göründüyü kimi, Paşinyan separatçıların "tərəf" olmaq istəyini açıq şəkildə bildirib və sülh sazişini imzalamayacağına işarə vurub. Bəzi ekspertlərə görə, erməni baş nazirin bu açıqlaması yeni müharibəyə çağırışdır.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a deyib ki, Ermənistan müxalifəti Nikol Paşinyanı əsasən onda ittiham edir ki, baş nazir Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. Partiya rəhbəri vurğulayıb ki, revanşistlərin iddiasına görə, Paşinyan bu tipli açıqlamalarla Qarabağdakı erməniləri taleyin ümidinə buraxıb:

"Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ABŞ, Rusiya və Fransa prezidentlərinə göndərdiyi açıq məktubda Qarabağda baş verənlərlə bağlı N.Paşinyanı ittiham edir. Ermənilərin "acınacaqlı" durumda olmasını əsas gətirərək tezliklə prosesə müdaxilə olunmasını istəyir. Ümumən götürəndə, Paşinyanın Azərbaycanla sülh anlaşmasında maraqlı olduğu hiss olunur. Qərb tərəfindən dəstəklənən baş nazir üzərinə götürdüyü öhdəlikləri gec-tez yerinə yetirməlidir. Bölgədə vəziyyətin stabilləşməsi, kommunikasiyaların açılması ancaq sülh müqaviləsinin imzalanması ilə mümkündür. Əlbəttə, burada ən önəmli faktor Rusiyadır. Moskvanın İrəvana təzyiqi çox güclüdür. Kreml Cənubi Qafqazda sabitliyin yaranmasını açıq şəkildə istəmir. Rusiyanın Ermənistandakı uzantıları, Paşinyanın müxalifləri də hər hansı formada baş nazirə mane olmağa çalışırlar. Qarabağdakı separatçılara bilavasitə Rusiyadan dəstək verilməsi də bununla bağlıdır. Belə fonda Paşinyanın Qarabağ ermənilərinin "təhlükəsizliyindən" danışması çox güman ki, daxili auditoriya və İrəvan hökumətini tənqid edənlər üçün nəzərdə tutulub".
A.Əlizadə diqqətə çatdırıb ki, Qarabağda yaşayan ermənilərə hansısa "status" tələb etmək, məsələni beynəlxalq müstəviyə daşımaq cəhdləri, "beynəlxalq mexanizm" istəyi mənasızdır: "Rəsmi Bakıya "Xankəndi ilə dialoq qurmalısınız" diktəsi yolverilməzdir. Azərbaycan ərazisində yaşayan, yaşamaq istəyən ermənilər vətəndaşlığımızı qəbul etməlidir. Əks halda ölkəmizdən çıxmalıdırlar, başqa variant yoxdur. Şübhəsiz, bu məsələlərdə erməni xislətini də nəzərə almalıyıq. Unutmamışıq ki, müharibədən əvvəlki dövrdə N.Paşinyan müəyyən məqsədlərlə "Qarabağ Ermənistandır" ifadəsini təkrarlayırdı. Ola bilsin, indi də Ermənistanda kiməsə xoş gəlmək üçün, öz nüfuzunu qaldırmaq üçün "Qarabağ erməniləri" məsələsini gündəmdə saxlayır, "qırmızı xətt" olduğunu deyir".

Oxşar xəbərlər