Rəsmi Bakı Qarabağ məsələsini konservləşdirmək istəmir... - İNCƏLƏMƏ...

Rəsmi Bakı Qarabağ məsələsini konservləşdirmək istəmir... - İNCƏLƏMƏ... Rəsmi Bakı İrəvanla məlum 5 baza prinsipi əsasında sülh müqaviləsi üzrə danışıqların gündəliyinə sadiqdir. Belə bir qənaət iyulun 11-də Prezidenti İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışından hasil oldu.

“Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər”, - dövlət başçısı qeyd edib.

Bu imkanların olduğunu hesab etdiyini vurğulayan İlham Əliyev ardınca bildirib: “Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük”.

Lakin Prezidentə görə, hər şey Azərbaycandan asılı deyil və qarşı tərəf də buna hazır olmalı, sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.

*****

Yəni İrəvan “A”dan sonra “B” söyləməlidir. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi tələsmir və faktiki danışıqların imitasiyası ilə vaxt uzatmağa mənasız cəhdlər edir. Bu isə Ermənistanın mövcudluğunu sualı altında saxlamaqla yanaşı, bölgədə ən çox Rusiyanın maraqlarına cavab verir. Çünki Moskvanın regionda hərbi-siyasi varlığı müstəsna olaraq konfliktlərin mövcudluğuna, iki xalq arasında ədavətin və düşmənçiliyin qalmasına bağlıdır. Konfliktlər yoxsa, Rusiyada da Güney Qafqazda yoxdur, olmayacaq. Təsadüfi deyil ki, Kreml Azərbaycan-Ermənistan sülh sənədinin elə bir variantını təklif edir ki, orada “Qarabağ probleminin həlli” gələcəyə qalsın.

Bu, təbii ki, Rusiyanın “Qarabağ kartı”dan Azərbaycana qarşı daim təzyiq vasitəsi qismində istifadə eləmək niyyəti ilə bağlıdır, nəinki bir ovuc erməninin taleyinə yanmaq məramı ilə. Dövlətimizin isə belə bir istək-niyyəti yoxdur. Biz gələcək nəsillərimizə növbəti “gec partlayan bomba” miras qoymağa hazırlaşmırıq. Qoy heç kəs, öncəliklə də Rusiya bu xüsusda xam xəyallara düşməsin.

Prezidentin srağagünkü müşavirədə vurğuladığı kimi, Azərbaycanla heç kim hədə-qorxu, ultimatum dili ilə danışa, iradəmizə təsir edə bilməz. “Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi, maraqlarımızı qoruya bilmişik”, - deyə Azərbaycan lideri bəlli paytaxtlara yetərincə aydın ismarış göndərib.

“Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir”.

Bunu da İlham Əliyev deyib və vurğulayıb ki, bundan sonra da Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər davam etdiriləcək.

Qısası, Azərbaycan 44 günlük müharibədə halal qələbəsinə rəğmən, öz hərbi qüdrətini qardaş Türkiyə ilə tandemdə artırmağa, ordusunu NATO tipli orduya çevirməkdə bir an belə pauza verməyəcək.

*****

Qeyd edək ki, Prezidentin məlum çıxışı ilə eyni gündə Ermənistan baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bu barədə Paşinyan rəsmi Twitter hesabından məlumat verib. Paşinyan telefon danışığı barədə yazıb: “Dövlət katibi Blinkenlə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımlar, həmçinin beynəlxalq iştirakla Bakı-Xankəndi dialoqunun vacibliyi kimi mühüm məsələləri müzakirə etdik”.

Göründüyü kimi, Ermənistan baş naziri Azərbaycanın daxili işi olan Bakı-Xankəndi dialoquna yenə beynəlxalq status verməyə cəhd edib, hansısa “beynəlxalq iştirak”ın vacibliyindən dəm vurub. Bu isə yenə sülh müqaviləsi üçün “Qarabağ şərti” deməkdir.

Üstəgəl, Paşinyan Blinkenlə danışdığı gün ordumuzun əsgəri Ermənistan tərəfdən açılan atəşlə yaralanıb. Bəzi məlumatlara görə, erməni baş nazir heç özü də sınıq-salxaq ordusuna tam nəzarət edə bilmir. Azərbaycana, sülh danışıqlarına qarşı bu qəbil təxribatları isə bir qayda olaraq Ermənistan ordusuna hələ də təsir imkanları olan Rusiyaya bağlı radikal-revanşist qüvvələr, “5-ci kolon”çular təşkil edir.

*****

Ötə yandan, Qərbin, özəlliklə ABŞ-ın patronajlığı altında gedən sülh danışıqları da Moskvanı qane etmir. Axır vaxtlar Qarabağdakı Rusiya hərbi kontingentinin separatçılarla dövlətimiz əleyhinə güclənən iş birliyi bunu bir daha təsdiqləyir.

“Son zamanlar Azərbaycanla Rusiya arasında gərginlik mövcuddur. Bu da sülh prosesi və digər amillərlə bağlıdır. Sadəcə olaraq, Rusiya bölgədə məsələnin bağlanmasını və köklü şəkildə həll olunmasını istəmir. Burada həmişə müəyyən dərəcədə bir münaqişənin qalması arzulanır”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Teleqaraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.

Onun əminliyinə görə, Rusiya ilə olan mübahisələr də məhz bundan irəli gəlir: “Fakt odur ki, Azərbaycanla Ermənistan arasında münaqişənin həll edilməsi ilə bağlı Rusiyanın təklif etdiyi sülh prinsipləri də tamamilə fərqli idi”.

Analitik hesab edir ki, Rusiyanın təklif etdiyi sülh paketi bölgədə münaqişənin həllinə xidmət etmir: “Həmin paketdə Qarabağda münaqişənin uzadılması və təxirə salınması kimi məsələlər yer alıb. Hətta Moskva bu istiqamətdə müəyyən planlar hazırlayıb və bir çox müvafiq işlər də aparıb”.

Politoloqun fikrincə, Ruben Vardanyan “layihəsi” ilə bağlı olan cəhdlər də bu qəbildən olub: “Həmçinin indiki halda verilən şərhlər məhz bu istiqamətə hədəflənib”.

*****

Ancaq Azərbaycan ona qarşı hazırlanan ən müxtəlif təxribatçı planları sadiq dost-müttəfiqlərinin də dəstəyi ilə pozmaq gücündədir və pozacaq. İkinci Qarabağ savaşından sonra bölgədə gedən proseslər, Laçın yolunda baş verənlər buna əyani sübutdur. Hərə öz payını götürsün. Bakının sülh şərti qətidir və hansısa siyasi konyunkturaya görə dəyişməyəcək. Dövlətimizə qarşı məkrli olanlar isə ən böyük pisliyi özlərinə edəcəklər...

“Yeni Müsavat”

Oxşar xəbərlər