Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir 44 günlük İkinci Qarabağ Müharibəsi dövründə yadda qalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı üçüncü ölkənin də bayrağının qaldırılmasıdır. O bayraq Pakistanın idi.
Pakistan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 12-də, Türkiyədən sonra ikinci tanıyan ölkədir. 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik münasibətlər yaradılıb, Pakistanın Azərbaycanda səfirliyi açılıb. Maraqlıdır ki, 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ümumiyyətlə, ötən vaxt ərzində Pakistan beynəlxalq səviyyədə bütün toplantılarda Azərbaycanın ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləyib. Pakistan dövlət və hökumət başçıları dəfələrlə nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycana açıq şəkildə dəstəklərini bildiriblər. Bundan başqa, Pakistan məhz Azərbaycana hərbi təcavüzü əsas gətirərək Ermənistanla diplomatik münasibətlər qurmayıb, bu ölkədə səfirliyi yoxdur. Pakistan bu siyasəti məhz İslam həmrəyliyi, müsəlman qardaşlığı prinsiplərinə əsasən edir.
Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir.
Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.


Bakıxanov qəsəbəsi , 96 nömrəli tam orta məktəbin
müəllimi Nəzakət Əzizzadə

Oxşar xəbərlər