İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü olub.
Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.
Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Bu dost ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycana Türkiyədən sonra ən çox siyasi və mənəvi dəstəyi Pakistan İslam Respublikası verdi. Eyni zamanda, müxtəlif ölkələrdəki Pakistan diasporu da həmin günlərdə Azərbaycan diasporu ilə həmrəylik nümayiş etdirdi. Pakistan bununla bir daha dost və qardaş ölkə olduğunu nümayiş etdirdi. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Pakistan dövləti və xaqlının bu dəstəyini xüsusi qeyd edib. Dövlət başçısı bildirib ki, Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Öz növbəsində Azərbaycan da Kəşmir və digər məsələlərdə hər zaman Pakistan İslam Respublikasına dəstək verir. Prezident İlham Əliyev bəyanatında bu haqda da danışaraq Azərbaycanın Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini vurğulayıb: “Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”. Bütün bunlar Azərbaycanla Pakistanın ikitərəfli münasibətlərinin dərin tarixi köklərinin olmasından irəli gəlir. Çünki hər iki xalq bir-birinə qarşılıqlı hörməti bəsləyir və eyni dəyərlərə malikdir.
Prezident İlham Əliyev bəyanatında Pakistan və Azərbaycanın hər zaman çiyin-çiyinə dayanan ölkələr olduğunu vurğulayıb: “Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”. Həmrəyliyimizin nəticəsidir ki, Azərbaycanın Zəfəri eyni sevinclə Pakistanda da qeyd olundu. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları Pakistan kütləvi informasiya vasitələrində əsas başlıqla işıqlandırılırdı. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. Görünən odur ki, istənilən geosiyasi şəraitdə ölkələrimiz arasındakı tarixi-siyasi və mədəni-mənəvi münasibətlər eyni vüsətlə inkişaf edən xətt üzrə irəliləməkdədir".
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
Hərbi rəhbəri Vüqar Məhərrəmov