Müstəqillik illərində Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi istiqamətində çoxşaxəli addımlar atılıb

Müstəqillik illərində Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi istiqamətində  çoxşaxəli addımlar atılıb
İşğal altında olan torpaqlarımızı azad etdiyimiz 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana Türkiyədən sonra ən çox siyasi və mənəvi dəstəyi Pakistan İslam Respublikası verdi. Eyni zamanda, müxtəlif ölkələrdəki Pakistan diasporu da həmin günlərdə Azərbaycan diasporu ilə həmrəylik nümayiş etdirdi. Pakistan bununla bir daha dost və qardaş ölkə olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Pakistan dövləti və xaqlının bu dəstəyini xüsusi qeyd edib. Cənab Prezident həm də onu vurğuladı ki, “Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir”.
Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Bu dost ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Müstəqillik illərində Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi istiqamətində çoxşaxəli addımlar atılıb. Dövlətimizin başçısı həm də onu qeyd etdi ki : “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub”. Ümumiyyətlə, Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir, dostluq münasibətləri daha da güclənir. Vətən müharibəsi zamanı biz bu dostluğun gücünə bir daha şahid olduq. Həmrəyliyimizin nəticəsidir ki, Azərbaycanın Zəfəri eyni sevinclə Pakistanda da qeyd olundu. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları Pakistan kütləvi informasiya vasitələrində əsas başlıqla işıqlandırılırdı. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bəyanatında Azərbaycanın Ordusunun çox cəsarətlə döyüşərək Qarabağı azad etdiyini bildirib. Azərbaycan dövləti və xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dönəmdə də qardaş Pakistanın daima Azərbaycanın yanında olmasını, öz siyasi və mənəvi dəstəyini əsirgəməməsini böyük məmnunluqla qarşılayıb.
Əlbəttə ki, bütün bunlar ölkələrimizin gələcək əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə təkan verən məqamlardır. Bunun məntiqi nəticəsi kimi görüş zamanı aparılan müzakirələrdə qərara alınıb ki, Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcək. Onlardan biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcək. Bütün bunlar bir daha münasibətlərimizin uğurla inkişaf etməsinin göstəricisidir. Əminliklə bildirmək olar ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi səfəri əlaqələrin inkişafına böyük təkan verəcək.
Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər