
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın bölgədə sabitliyin əldə olunmasında heç bir marağı, istəyi yoxdur. Partiya rəhbərinin sözlərinə görə, bunun əsas səbəbi Ermənistanın kənardan idarə olunması, müstəqil dövlət ola bilməməsidir: "Ermənistan Rusiya ilə yanaşı, Qərbin də təlimatlarını icra edir. Erməni tərəfini təxribata sövq etməklə öz məqsədlərini reallaşdırmağa səy göstərirlər. Rəsmi İrəvanın açıqlamalarından da görünür ki, Ermənistanın da niyyəti Azərbaycanın Qarabağ bölgəsinə "beynəlxalq missiya" adı ilə xarici gücləri yerləşdirməkdir. Şübhəsiz, bunda da məqsəd prosesi mümkün qədər uzatmaq, ermənilər üçün münbit şəraitin yetişməsinə zəmin hazırlamaqdır. Çünki sülhlə bağlı şərtləri qalib Azərbaycan diktə edir. Ermənistan indiki halda öz hədəflərinə çata bilməyəcəyini yaxşı anlayır. Müəyyən qədər Qərbin, eləcə də ara-sıra Rusiyanın istəklərini dilə gətirməklə əslində öz niyyətlərini pərdə arxasına keçirməyə çalışırlar. Bölgədə, eləcə də Qarabağda hansısa problemin olmaması, gərginliyin tamamilə aradan qalxması üçün Ermənistan üçtərəfli bəyanatın bəndlərinə qeyd-şərtsiz əməl etməlidir. Qanunsuz silahsız birləşmələr torpaqlarımızdan dərhal çıxmalıdır. Sərhədlərin demarkasiya və delimitasiyası prosesi sürətlənməli, kommunikasiya xətləri reallaşmalıdır".
A.Əlizadə diqqətə çatdırıb ki, üzərinə vasitəçilik missiyasını götürən Rusiya, həmçinin Fransa kimi Qərb ölkələri də Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı deyil: "Əksinə, gərginliyin qalmasını istəyirlər. Gərginliyin davam etməsi sayəsində regiondakı siyasi-iqtisadi maraqlarını qoruya biləcəklərini düşünürlər. Bunun üçün də hər zaman olduğu kimi yenə də Ermənistandan alət kimi istifadə edirlər. Qarabağa "beynəlxalq missiya" göndərilməsi təklifi də bu məqsədlə gündəmə gətirilir. Şübhəsiz, rəsmi Bakının icazəsi, razılığı olmadan Qarabağa heç bir xarici ölkənin nümayəndələri, ordusu yerləşə bilməz. Sadəcə rus sülhməramlılarına müvəqqəti olaraq icazə verilib. Onlar da vaxt başa çatdıqda torpaqlarımızı tərk edəcəklər".