Laçın rayonu təbii gözəlliyinə, iqlim xüsusiyyətlərinə və sərvətlərinə görə, bölgənin ən unikal mərkəzlərindən biridir. Laçında iri turizm komplekslərinin, xüsusilə də qış turizm infrastrukturlarının, otellər şəbəkəsinin yaradılması, meşə qoruğunun salınması və digər imkanlar bu rayonun da turizm əhəmiyyətini artırır. Beləliklə, Laçın hava limanı həm də bu rayona cəlb olunacaq xarici qonaqların, turistlərin çatdırılmasını təmin edəcək.
Qarabağda inşa olunan hava limanları həm də daşınma və logistika-nəqliyyat zənciri potensiallarının yaradılmasına xidmət edir. Hazırda Çinin müəllifi olduğu “Bir kəmər Bir yol” qlobal marşrutunun ən rahat qollarından biri Azərbaycan ərazisi hesab edilir. Füzuli və Zəngilan hava limanları Zəngəzur dəhlizinin üzərində yerləşir və bu limanların regional nəqliyyat tranzitlərinə qovuşmasını şərtləndirir.
Eyni zamanda, Araz İqtisadi Zonasının, digər biznes modellərinin yaradılması, Türkiyə, İsrail, Rusiya, Cənubi Koreya, İtaliya və digər xarici ölkələrə məxsus investorların Qarabağ və Şərqi-Zəngəzurda sərmayə layihələri icra etməsi, istehsal, emal, xidmət, ticarət şəbəkələri infrastrukturlarının yaradılması bu bölgənin Cənubi Qafqazın nəhəng ticarət-sənaye-logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Həmin mal və xidmətlərin fasiləsiz digər region ölkələrinə daşınmasını həyata keçirmək üçün həm əsas nəqliyyat ağırlığı da Füzuli və Zəngilan hava limanlarının üzərinə düşəcək.
Bəli Cənab Prezidentimizin dediyi kimi : “Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda - Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək . Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir”.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Əzizzadə