Azərbaycanda işıqpulu bahalaşacaq? - Rəsmi açıqlama

Azərbaycanda işıqpulu bahalaşacaq? - Rəsmi açıqlama Yeni təsdiqlənən ''Elektroenergetika haqqında'' qanun elektrik enerjisinin qiymətinin artmasına səbəb olmayacaq. Əksinə, bu qanun hazırda istehsalı və satışı yalnız azərenerji və azərişıq tərəfindən həyata keçirilən enerji sektorunda özəl iştirakçıların fəaliyyət göstərməsinə şərait yaradacaq.

Bu barədə Energetika Nazirliyindən verilən açıqlamada deyilir.

Nazirlikdən bildirilib ki, yeni qanuna əsasən stansiya qurub enerji depolayan özəl şirkətlər istehlakçılara elektrik enerjisi sata biləcəklər.
Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov "Xəzər Xəbər"ə deyib ki, bu qanunda elektrik enerjisinin pərakəndə qiymətinin sərbəstləşməsindən söhbət getmir. Burada tariflər yenə də dövlət tərəfindən tənzimlənəcək.

Şöbə müdrinin sözlərinə görə, yeni qanun xüsusilə böyük müəssisələrə enerji təminatçısını seçmək şansı verəcək. Onlar enerjini ən ucuz satan təminatçı ilə müqavilə bağlaya biləcəklər.

Bütövlükdə, bazarda müstəqil enerji istehsalçılarının artması keyfiyyətin də yüksəlməsinə səbəb olacaq.

Qeyd edək ki, yeni qanun 2024-cü ildən qüvvəyə minəcək və mərhələli şəkildə tətbiq ediləcək.


Oxşar xəbərlər