Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir

Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. 170 min Azərbaycan əsgər və zabitləri SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazdılar.
Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Biz bu Qələbədən çox şey öyrəndik. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə gətirib çıxardı. Bu mənada xalqımızın Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi yeni nəsil üçün əsl örnək dərsi oldu.
1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May - Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti də birdəfəlik aradan qaldırıldı. Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir.

Bakıxanov qəsəbəsi, 170 saylı tam orta məktəbin
Müəllimi Mədinə Qafarova

Oxşar xəbərlər