Natiq Talıbov: Heydər Əliyev irsində milli dövlətçilik məsələsi

Natiq Talıbov: Heydər Əliyev irsində milli dövlətçilik məsələsi Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Natiq Talıbov - Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi var. Şərqdə ilk demokratik institutlara malik olan Azərbaycan Xalq Cümhuriyyəti qısaömürlü olsa da, Ümummilli lider Heydər Əliyevin qurduğu və Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla idarə etdiyi müasir müstəqil Azərbaycan Respublikası bu gün güclü ordu, güclü iqtisadiyyat və beynəlxalq əlaqələrə malik, firavan və sabit dövlətə çevrilib.

Tarixə qısa nəzər salsaq görərik ki, bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, xalqın istiqlal əzmi yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikası müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşsə də, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz sabit inkişaf yoluna qədəm qoydu.

Natiq Talıbov: Heydər Əliyev irsində milli dövlətçilik məsələsi


Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Tarix belə unikal şəxsiyyətləri 100 ildə bir dəfə xalqa bəxş edir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.

Böyük sınaqlardan çıxmış Heydər Əliyev siyasi kursunun nüvəsini, cövhərini milli dövlətçilik təlimi təşkil edir. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında Azərbaycançılıq məfkurəsi dayanır. Azərbaycançılıq - ümumtürk köklərinə bağlı olan milli məfkurədir. Heydər Əliyevə görə Azərbaycançılıq - müstəqil dövlətin daxilində ümumxalq həmrəyliyini təmin edən vahid Vətən idealının təcəssümüdür. Bütövlükdə, Azərbaycançılıq - müstəqil bir dövlətin qurulub möhkəmləndirilməsi və inkişaf etdirilməsi fəlsəfəsini əks etdirir. Bu mənada Azərbaycançılıq Heydər Əliyev siyasi kursunun ana xəttidir.

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanan mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində parlaq nailiyyətlərə imza atır.

Ulu öndərin Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışını xatırlayaq: “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir.”

Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Zəfər Qələbəsi ilə başa çatdı.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Əminliklə demək olar ki, milli dövlətçilik təfəkkürü hazırda qızıl dövrünü yaşayır.

Oxşar xəbərlər