Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” mərkəzinin açılışını edib.
Qeyd edək ki, Salyan “ASAN xidmət” mərkəzi, sayca 25-ci belə mərkəzdir. Son illərdə Cənab Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində imzaladığı sərəncamlar və həyata keçirdiyi məqsədyönlü siyasətin nəticələri ölkəmizdə vətəndaş məmnunluğunun daha da artırılmasına yönəlmişdir. “ASAN xidmət” mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir. Hazırda Azərbaycanda 25 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Salyan regional “ASAN xidmət” Mərkəzi üçün ayrılan 2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb.
Açılış zamanı Cənab Prezident İlham Əliyev bildirib ki : “ Dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” sistemi artıq bir neçə ölkə tərəfindən tətbiq edilir. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir”.
Əminliklə qeyd etmək olar ki, “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaradıb, həmçinin yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlarımıza ən keyfiyyətli xidmətlər təklif edir. Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz olan “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir. Bir sözlə, “ASAN” ölkəmizin ictimai həyatında böyük rol oynayır. Şübhə yoxdur ki, Salyan “ASAN xidmət” mərkəzi də digər bölgələrimizdəki mərkəzlər kimi uğurlu və məhsuldar fəaliyyəti ilə yadda qalacaqdır.
Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev