DAŞKƏSƏNDƏ “NARKOMANİYAYA YOX DEYƏK” ADLI NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

DAŞKƏSƏNDƏ “NARKOMANİYAYA YOX DEYƏK” ADLI NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB Martın 31-də Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən Rayon Polis Şöbəsi və rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən rayon Xoşbulaq kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə məktəb direktorları, gənclər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbir həmçinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.10-cu və 4.4.12-ci bəndlərinin icrası məqsədini daşıyıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.

Daşkəsən rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Rəşadət Qəhrəmanov mövzuya dair geniş məruzə ilə çıxış edib. Vurğulayıb ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə, problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması əsas vəzifələrdən birinə çevrilmişdir. Bu sahədə ölkəmizdə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca beşinci olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.

Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də, cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır. Sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək gərəkdir. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir.

Digər çıxış edənlər də narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıblar.

Tədbirin sonunda “Narkomaniyaya yox deyək!” adlı sosial çarx nümayiş etdirilib, şagirdləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.



Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ “NARKOMANİYAYA YOX DEYƏK” ADLI NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
DAŞKƏSƏNDƏ “NARKOMANİYAYA YOX DEYƏK” ADLI NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
DAŞKƏSƏNDƏ “NARKOMANİYAYA YOX DEYƏK” ADLI NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
DAŞKƏSƏNDƏ “NARKOMANİYAYA YOX DEYƏK” ADLI NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

Oxşar xəbərlər