
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və Yaşıl enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclası da dünyanın diqqət mərkəzində olub. Əvvəla, bu tədbir Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirdi. Tədbirdə iştirakçılığın miqyası, çıxışlarda səsləndirilən müsbət fikirlər və s. deyilənlərin əyani sübutudur. Digər tərəfdən, bu tədbir də bir daha təsdiq etdi ki, Azərbaycan bu gün ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib. Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu və fəallığı vurğulanmalıdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Azərbaycan müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atılan addımların əsas təşəbbüscüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.
Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru