20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub

Sovet İttifaqının dağılması prosesində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Moskvanın qərarı ilə respublikamızda fövqəladə vəziyyət rejimi elan edilsə də, bu haqda əhali xəbərdar edilməmişdi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin beynəlxalq hüququn bu mühüm tələbinə məhəl qoyulmamışdı.
Yanvarın 19-da axşam saatlarında Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladılması və ölkənin ın böyük informasiya resursunun susdurulması mərkəzin məkrli niyyətinin anonsu oldu.
Ardınca sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingenti Bakını zəbt etdi. Bu proses xüsusi qəddarlıqla müşayiət edildi.
Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi.
Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi.
Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi.
“Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.
Bu qanlı qırğın nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bu hadisə Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər.
20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər;
Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə” - Ulu Öndər hadisələrə bu cür qiymət vermişdi.
Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Xalqımız öz istiqlalı uğrunda verdiyi qurbanları müqəddəs və uca tutduğu kimi, belə hadisələrin bir daha təkrarlanmaması, ölkəmizin yadelli qoşunların tapdağında qalmaması üçün dövlətçiliyimiz, onun qurucusu və qoruyucusu kimi hər zaman azadlıq, müstəqillik ideallarına sədaqətini nümayiş etdirir.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova




Oxşar xəbərlər