Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində iştirakı və çıxışı bir daha sübut etdi ki, idman dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət başçısı qeyd edib ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Dövlətimiz idmanın inkişafını xüsusi prioritet sayır və bu istiqamətdə böyük uğurlu layihələr həyata keçirir. Respublikamızda idmanla məşğul olmaq üçün bütün lazımi şəraitlər yaradılmışdır. Müasir idman avadanlığı ilə təchiz edilən və dünya standarlarına uyğun idman komplekdləri, hər il yeni-yeni stadionlar və üzmə hovuzları açılaraq idmansevərlərin ixtiyarına verilir.
Ölkəmizin idmançıları müxtəlif beynəlxalq idman yarışlarında, çempionatlarında və olimpiya oyunlarında iştirak edirlər. Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək heç də asan məsələ deyil. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci yeri tutdu. Bu, tarixi qələbə idi. Türkiyənin Konya şəhərində keçirilən yarışda idmançılarımız 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görüldülər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”. Bu inam idmançılara inamdır, idmançıların böyük sevgilərlə tanıtdığı dövlətin nüfuzuna inamdır.
Bu yaxınlarda Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzaladı. Bu struktur islahatları gənclər və idman sahəsinin inkişafına çox müsbət təsir göstərəcək. Təbii ki, bu strukturun təkmilləşdirilməsinin idarəçiliyə olduqca müsbət təsiri olacaq. Yəni, bu nazirliyin hər bir işi birbaşa idman və gənclər sahələri ilə bağlıdır. Bu Sərəncamla daha çox idarəçilik sisteminin dəyişilməsi nəzərdə tutulur, struktur müasirləşdirilir. Gələcəkdə bu təkmilləşdirmə özünü doğruldacaq və onun bəhrəsini görəcəyik.Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunan ərazilərdə Olimpiya İdman komplekslərinin və idman zallarının tikilib istifadəyə verilməsi nəzərdə tutulub.Tədbirdə ölkə başçısı qürurla bildirdi ki, respublikamızda 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses uğurla davam etdirilməkdədir.
Tədbirdə ölkə başçısı onu da bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə də idman qurğuları yaradılacaqdır. Bunun işğaldan azad edilmiş şəhərlərdə də yaradılması nəzərdə tutulur. İşğaldan azad edilmiş bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri başlayıb. Baş planlar əsasında idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın “İmarət” stadionunun yeni layihəsi işlənilir.
Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin
direktor müavini Asiman Paşayev