Xankəndidə “sərvət savaşı” başlayıb: Kremlin emissarına qarşı etirazlar artır

Xankəndidə “sərvət savaşı” başlayıb: Kremlin emissarına qarşı etirazlar artır Azərbaycanın rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu ərazilərdə qızıl yataqlarına nəzarəti ələ keçirtmiş Kremlin “təxribat emissarı” Ruben Vardanyanla silahlı erməni separatçı-terrorçular arasında qarşıdurma dərinləşir... Silahlı erməni terrorçuların rəhbərlərindən olan “generallar”dan birinin əldə olunan xalis gəliri onlarla bölüşməkdən imtina edən Ruben Vardanyanı ölümlə hədələdiyi barədə də ciddi iddialar mövcuddur...
Cənubi Qafqazın “erməni problemi” Laçın dəhlizində həll olunur. Rusiyanın bu regionun inkişaf perspektivlərinə vurduğu “münaqişə düyünü” artıq açılmaq üzrədir. Böyük ehtimalla onilliklər boyu sürən “erməni xəyalları”na da, Rusiyanın son “Vardanyan layihəsi”nə də həlledici zərbə vurulmuş olacaq.

Məsələ ondadır ki, Laçın dəhlizində keçirilən aksiya yeni geopolitik mərhələnin başlanmasına münbit şərait yaratdı. Bundan sonra Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçular və orada müvəqqəti dislikasiya olunan rus “sülhməramlılar” əvvəlki kimi davrana bilməyəcəklər. Çünki rəsmi Bakı hətta “yumşaq güc” tətbiq etməklə belə, bu bölgədə bir çox şeyləri dəyişmək potensialını sübuta yetirdi.

Rusiya “sülhməramlı qüvvələr”inin Laçın dəhlizini bağlaması Kremlin məkrli planlarının köhnəlmiş və artıq real təsiri qalmamış faktorlara söykəndiyini göstərdi. Kreml bundan sonra əvvəlki metod və mexanizmlərlə Azərbaycanın Xankəndi və ətraf bölgəsində Rusiyanın geopolitik maraqlarını təmin etmək şanslarını itirmiş olacaq. Yəni, Kreml Rusiyanın regional maraqlarını düşünürsə, deməli, mütləq Azərbaycanın siyasi dairələri ilə anlaşmaq məcburiyyətindədir.

Əks halda, yaxın vaxtlarda Cənubi Qafqazda Rusiyanın maraqları qalmaz. Kreml rus “sülhməramlılar”ın Azərbaycanın Xankəndi və ətraf bölgəsində dislokasiya müddətini sadəcə, gün hesabı ilə saymaq məcburiyyətində qalar. Və rəsmi Bakının Laçın dəhlizində Azərbaycanın dövlət strukturlarına aid nəzarət-buraxılış məntəqələrini yarada biləcəyi artıq qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, bölgədə vəziyyətin ciddi şəkildə dəyişdiyini, rəsmi Bakının siyasi iradəsinin qarşısıalınmaz olduğunu erməni separatçı-terrorçular da anlamağa başlayıblar. Üstəlik, rəsmi Bakının siyasi iradəsi təzyiqləri artırdıqca, Xankəndidə gizlənmiş erməni separatçı-terrorçuların vəziyyəti daha da ağırlaşır. Və bunun məhz belə olduğu erməni separatçı-terrorçuların atdığı son addımlardan da açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, Xankəndidə “erməni separatçı rejim” ciddi şəkildə qorxuya düşüb. Rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu bölgədə “fövqəladə vəziyyət”in elan edilməsi də məhz həmin qorxunun nəticəsi hesab oluna bilər. Çünki erməni separatçılar əhalinin bölgədə sərbəst hərəkətinə, etiraz aksiyaları keçirtməsinə qadağa qoyublar. Və “separatçı rejim”in müdafiə qabiliyyətinin olmağını qabardan informasiya qurumlarının fəaliyyətini dayandırıblar.

Belə anlaşılır ki, Araik-Vardanyan cütlüyü yaranmış vəziyyətə görə Azərbaycanın erməni vətəndaşlarının onlara qarşı ittihamlar irəli sürəcəyindən, etiraz aksiyaları keçirəcəklərindən narahatdırlar. Rus “sülhməramlılar”ın Laçın dəhlizini qapatmasından sonra Xankəndi və ətraf bölgəyə təbii qazın nəqlini dayandıraraq, bundan Azərbaycana qarşı beynəlxalq propoqanda məqsədilə istifadə etməyə çalışan “separatçı rejim” artıq geri çəkilmək məcburiyyətində qalıb. Yəni, rəsmi Bakını günahlandırmağa çalışsalar da, təbii qazın nəqlini bərpa ediblər və yalan məlumatlar yaydıqlarını dolayısı ilə etiraf etmiş olublar.

Ümumiyyətlə, “separatçı rejim”in təmsilçiləri son günlər bir qayda olaraq, yalnız yalan danışmaq məcburiyyətində qalıblar. Kremlin bölgəyə “təxribat ezamiyyəti”nə göndərdiyi erməni fırıldaqçı Ruben Vardanyan özlərinin bağlayıb, sonra da açdıqları təbii qaz nəqlini belə, şəxsi propoqndası üçün istifadə etməyə çalışır. Belə ki, bu “professional fırıldaqçı” təbii qazın nəqlini öz xidməti kimi təqdim edib və rəsmi Bakının heç bir şərt irəli sürmədiyini iddia edib.

Halbuki, Azərbaycanın bu məsələyə heç bir aidiyyatı yoxdur. Üstəlik, rəsmi Bakı Kremlin “təxribat ezamiyyəti”nə göndərdiyi erməni fırıldaqçı ilə ümumiyyətlə, hər hansı mövzuda danışıqlar aparmaq niyyətində deyil. Və bu baxımdan, R.Vardanyanın yalanlarına Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan ermənilərin uzun müddət inanacağı qətiyyən real görünmür.

Digər tərəfdən, R.Vardanyan onu da iddia edib ki, guya rəsmi Bakı Laçın dəhlizini heç bir şərt qoymadan yaxın saatlarda açmağı vəd edib. Bunun erməni fırıldaqçının növbəti yalanı olduğu isə qətiyyən şübhə doğurmur. Çünki Laçın dəhlizi Azərbaycan tərəfindən bağlanmayıb. Bu marşrut məhz R.Vardanyanı idarə edən Rusiyanın “sülhməramlı” qüvvələri tərəfindən qapadılıb. Azərbaycan fəallarının etiraz aksiyasının müddəti isə uzadılıb.

Əslində, bu erməni fırıldaqçının yalanlarına qarşı etirazların başlandığı da müşahidə olunmağa başlayıb. Belə ki, bəzi erməni teleqram kanallarında R.Vardanyanı təkzib edən və ona qarşı ittihamlar olan məlumatlar atmaqda olduğu müşahidə edilir. Ermənilər R.Vardanyanı bu qarışıqlıqdan yalnız öz məqsədləri və təbliğatı üçün istifadə etməkdə suçlayırlar.

Maraqlıdır ki, bəzi erməni mətbuat qurumları Azərbaycanın Xankəndi və ətraf bölgəsində olar “separatçı rejim”in təmsilçiləri və R.Vardanyan arasında müəyyən problemlərin olduğunu bildirirlər. Əslində, R.Vardanyanın “separatçı rejim”in bəzi təmsilçilərini Azərbaycanın siyasi dairələri ilə gizli təmaslar qurmağa cəhd göstərməkdə suçlaması da həmin məlumatları təsdiqləyir. Halbuki, iddialara görə, R.Vardanyanın suçladığı “separatçı rejim”in təmsilçiləri ilə bu erməni fırıldaqçı arasında “qızıl savaşı” da başlayıb.

Hesab olunur ki, R.Vardanyan Xankəndi və ətraf bölkədəki qızıl yataqlarının qanunsuz istismarına nəzarəti tam şəkildə ələ keçirib. O, əldə olunan gəlirin “separatçı rejim”in digər təmsilçiləri ilə bölüşdürülməsindən imtina edir. R.Vardanyan qazancın rus “sülhməramlılar”ın komandanı, general-mayor Andrey Volkovla bölüşdürülməsini tamamilə yetərli hesab edir. Ona görə də, silahlı erməni terrorçuların rəhbərlərindən olan “generallar”dan birinin R.Vardanyanı ölümlə hədələdiyi barədə də iddialar mövcuddur.

Belə anlaşılır ki, R.Vardanyanın davranışları rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu bölgədə gərginliyi ciddi şəkildə artırıb. İndi bölgədə “sərvət savaşı”na başlamış erməni separatçılar arasında kəskin qarşıdurmaların ola biləcəyi də qətiyyən istisna deyil. Buna paralel olaraq, Xankəndi və ətraf bölgədə erməni sakinlərin Araik-Vardsanyan cütlüyündən narazılığının artmaqda olduğu da inkaredilməz reallıqdır.(Yeni Müsavat)

Oxşar xəbərlər