Kəlbəcər: Azadlıqdan abadlığa

Kəlbəcər: Azadlıqdan abadlığa Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, daşı daş üstündə qoymayan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi. Tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli cavab oldu. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətində xüsusi bir mərhələni təşkil edir. O mərhələ ki, bu addımla Azərbaycan xalqının kimliyini bir daha dünyaya bəyan etdi.
İşğaldan azad olunan rayonlarımızın bir-bir Baş planları təsdiq olunur və onlar əsaslı şəkildə yenidən qurulur, abadlaşdırılır. 30 ildə dağıdılan, yerlə yeksan edilən, daşı daş üstündə qalmayan yurd yerlərimizdə lazımi şərait yaradılır ki, yurddaşları öz ata-baba torpaqlarına rahatlıqla qayıda bilsinlər. Qayıdıb gözəl şəraitdə yaşaya bilsinlər. Bunun üçün dövlətimiz tərəfindən İkinci Vətən Müharibəsindən dərhal sonra geniş tədbirlərə başlanılmışdır. “Yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir. Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Stansiyaların enerjisistemə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. İşlərin böyük hissəsi görülən bu 5 stansiya rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcək. Açılıb-qoşulma, intellektual tənzimləmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyaların idarə edilməsi Kəlbəcərdən olduğu kimi, Bakıdan da həyata keçiriləcək.
Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.
Görülən bütün bu işlər azadlığından abadlığına uzanan yolda uğurla addımlayan Kəlbəcərin xoş günlərə yaxınlaşdığının göstəriciləridir. Biz hər birimiz Kəlbəcərdə olmaq, yurddaşlarının sevincini seyr etmək üçün o günü səbrsizliklə gözləyirik. O gün isə uzaqda deyil.
Kərəm Sadıqov - Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi MMC-nin Sabunçu rayon filialının direktoru


Oxşar xəbərlər